Prezident Administrasiyası: Gənclərin çətinliklərini aşkar etmək üçün sorğu keçiriləcək


Siyasət 02 Fev 2018 20:58:00 269 0

Prezident Administrasiyası: Gənclərin çətinliklərini aşkar etmək üçün sorğu keçiriləcək

Bu il ərzində paytaxt və regionlarda yaşayan gənclərin çətinliklərini aşkar edib onların həlli yollarını tapmaq üçün sorğu keçiriləcək.

Son.az bildirir ki, bunu özəl olaraq  Trend-ə Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi, Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev deyib.

Onun sözlərinə görə, bütün dünyada olduğu kimi, ölkəmizdə də gənclərin həllini istədiyi problemlər var.

Y.Məmmədəliyev hesab edir ki, Azərbaycan gəncliyi istənilən problemi özü həll etmək iqtidarındadır:

"Dövlət bunun üçün münbit şərait yaratmalıdır və bütün fəaliyyətimiz buna istiqamətlənib. İstənilən problemin effektiv həlli bu problemi düzgün müəyyən etməkdən, yəni diaqnostikadan asılıdır. Buna görə də əvvəlcə hansı problemlərin mövcud olduğunu öyrənmək qərarına gəldik. Bu işə peşəkarları cəlb etmişik. 2018-ci ildə paytaxt və regionlarda yaşayan 16-29 yaşlı gənclər arasında sorğu, o cümlədən onlayn sorğu keçirib təhsil, asudə vaxt, sosial həyat, səhiyyə, idman, hərbi vətənpərvərlik, mədəniyyət və incəsənət, məşğulluq sahələrindəki çətinlikləri aşkar edib həlli yollarını tapmağı planlaşdırırıq".