Azərbaycanda real effektiv məzənnə cüzi azalıb


İqtisadiyyat 02 Fev 2018 17:39:23 323 0

Azərbaycanda real effektiv məzənnə cüzi azalıb

Proqnoz: Real effektiv məzənnədə nisbi sabitlik davam edəcək

Azərbaycan manatının real effektiv məzənnəsi 2018-ci il yanvar ayının 1-nə 94,2 bənd təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, dekabrın 1-nə olan analoji göstəricidən 0,7 faiz bəndi azdır. Keçən ilin əvvəlinə nisbətən isə real effektiv məzənnə 2,9 faiz bəndi artıb.

Xatırladaq ki, manatın real effektiv məzənnəsi 2000-ci ildən hesablanır, minimum səviyyəsi 2004-cü ildə (74,2), maksimum səviyyəsi 2015-ci il fevralın 1-nə (153,1) qeydə alınıb. Maliyyə böhranı başlayandan isə minimum hədd 2016-cı il sentyabrın 1-də (87 bənd) olub.

Qeyd edək ki, real effektiv məzənnə - manatın ticarət tərəfdaşı olan ölkələrin valyutalarına nəzərən ikitərəfli nominal məzənnələrinin dəyişməsinin ticarət xüsusi çəkiləri və həmin ölkələrdə inflyasiya nəzərə alınmaqla həndəsi ortalamasını əks etdirir. Yəni, milli valyutanın bir neçə valyutaya nəzərən orta çəkili dəyişmə indeksidir.

"Report"un analitik qrupu hesab edir ki, manatın real effektiv məzənnəsi üçün 85-90 bənd diapazonu qənaətbəxş səviyyədir. Yanvar ayının yekunları üzrə real effektiv məzənnədə cüzi dəyişiklik olacağı proqnozlaşdırılır.