Sürücülərə şad xəbər


Digərləri 02 Fev 2018 17:48:00 224 0

Sürücülərə şad xəbər

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən paytaxtın nəqliyyat sistemində mühüm əhəmiyyətə malik və uzunluğu 8,7 km olan Babək prospekti yenidən qurulur.

Agentlikdən Son.az-a verilən məlumata görə, Babək prospekti üzərində tikilən qovşaqlar nəqliyyatın hərəkətini xeyli sürətləndirməyə imkan yaradıb. Ancaq qovşaqlar da daxil olmaqla yol uzun illər istismar olunduğundan, yolun hərəkət hissəsində çökmələr, sürüşmə xarakterli deformasiyalar əmələ gəldiyindən əsaslı təmirə ehtiyac var idi. Bu isə öz növbəsində prospekt boyu hərəkətdə müəyyən problemlərə səbəb olurdu. Məhz bütün bunlar nəzərə alınaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən prospektin əsaslı şəkildə yenidən qurulması işlərinə başlanılıb.

Aparılan işlər çərçivəsində prospektin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələri qazılaraq kənarlaşdırılır. Yol yatağının yararsız qruntu təqribən 20 min kv.m sahədə ortalama 0,8-1 m dərinliklə qazılaraq çıxarılır. Bunun əvəzinə yararlı material tökülərək yenidən kipləşdirmə işləri aparılır və əsas yenidən bərpa edilir.

Yenidənqurma işləri yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla birgə aparılır. Belə ki, prospekt boyunca təqribən istismar müddəti bitmiş 20 km uzunluğunda və müxtəlif diametrə malik su xətləri, həmçinin 4 km-ə yaxın müxtəlif diametrli kanalizasiya xətləri yeniləri ilə əvəzlənir. 

Bundan başqa aparılan yenidənqurma zamanı səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sistemi də bərpa olunur, zəruri olan yerlərdə yeni sistem qurulur. Bu işlərə uyğun olaraq prospektdə 99 nöqtədə kanalizasiya xətlərinin baxış qapaqları da yenilənəcək.

Layihəyə uyğun olaraq prospekt boyu vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün köhnə piyada səkiləri bərpa olunur və 15 200 kv.m sahədə yeniləri tikilir, mövcud yol ayrıcı da sökülərək yenidən qurulur. Yol ayrıcının eninin kiçildilməsi prospektin hərəkət hissəsinin genişləndirilməsinə imkan yaradır. Belə ki, prospektin bir istiqamət üzrə hərəkət hissəsi 16 metrə qədər genişləndirilir. Yeni tikilən yol ayrıcının və piyada səkilərinin kənarlarına 26 350 p/m uzunluğunda yeni səki daşları düzülür.


Xəbərə aid fotolar