Bakı sakinlərinin əcnəbilərlə ailə qurmağa münasibəti SORĞU


Digərləri 02 Fev 2018 17:05:00 245 0

Bakı sakinlərinin əcnəbilərlə ailə qurmağa münasibəti  SORĞU

Azərbaycan ailəsi üçün evlilikdən müqəddəs və vacib bir həyat ritualı varmı düşünsək, alternativ cavabların sayı ikidən çox olmaz.

Amma əvvəllər övladlarının kiminlə evlənəcəyinə əksər hallarda valideynlər qərar verirdisə, indi bu məsələ gənclərin seçiminə buraxılıb. Müasir gənclər də "könül sevən göyçək olar" məsəlinə uyğun olaraq dil, din, irq fərqinə baxmadan əcnəbi vətəndaşlarla ailə qurmağa daha çox maraq göstərir. Düzdür, xarici vətəndaşlarla ailə qurmaq hər zaman olub. Amma əvvəllər bu seçimi oğlanlar edirdisə, son zamanlar azərbaycanlı xanımların da xaricilərlə izdivaca girmə halları yetəri qədər artıb. Bəs paytaxt əhli beynəlxalq təməldə qurulmuş ailələrə necə münasibət bəsləyir? Hansı xalqın nümayəndəsi ilə evlənmək Bakı sakinləri üçün daha qəbulediləndir? Son.az "ACT Azərbaycan"ın keçirdiyi sorğuya istinad bildirir ki, xaricilərlə evliliyə münasibət bildirmiş Bakı sakinlərinin fikri bu məsələdə kəskin fərqlənmir. Belə ki, əcnəbi gəlin və kürəkənlərə "hə" deyənlər sorğuda 50% səs toplayıb. Beynəlmiləl ailələri dəstəkləməyənlər nisbətən azdır (48 %).  Əcnəbilərlə evliliyi dəstələyənlər, əsasən, Türkiyə vətəndaşları ilə olan izdivacları bəyəndiklərini bildiriblər (38 %). 13 % respondent üçün könül məsələləri vətəndaşlıq tanımır, təki sevənlər qovuşsun! Əcnəbi gəlin və ya kürəkənin müsəlman olmasını şərt olaraq irəli sürənlər də az deyil (12 %). 10% respondent isə Rusiya vətəndaşları ilə qurulan ailələri bəyəndiklərini bildiriblər. Sorğuda iştirak etmiş respondentlərin beşdə biri isə sualı cavablandırmaqda çətinlik çəkib (20 %).  Sorğu 23-28 sentyabr tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4.9 %-dir.