"Atam məni 17 yaşımda 800 manata satdı"


Digərləri 02 Fev 2018 16:40:00 326 0

"Atam məni 17 yaşımda 800 manata satdı"

Hər gün sevgilisi, nişanlısı, həyat yoldaşı tərəfindən döyülən, zorakılığa məruz qalan, hətta öldürülən qadınlar haqqında xəbərləri oxuduqca insan dəhşətə gəlir. Qadınların əksəriyyəti xoşbəxtlik üçün, sevgisi naminə hər şeydən keçib, ailə qurur. Bəzən isə qızların nə istədiyini düşünmədən onların həyatı ilə bağlı qərarlar verilir.

Cəmi bir dəqiqə sonra başına nələrin gələcəyini heç kim bilmir. Hələ bir də ailə qurub ana olandan sonra qadınların hansı əziyyətlərə sinə gərdiyini hər adam anlaya bilməz. Budəfəki həmsöhbətimiz də məhz belə qadınlardandır.

Günel deyir ki, həyat ona bəzən insanı bədbəxt edənlərin, uçurumdan itələyənlərin elə öz dogma valideynləri olduğunu sübut edib.

Son.az bildirir ki, publika.az-ın yolu yenə "Təmiz dünya" Qadınlara Yardım İctimai Birliyindən düşdü.

Əvvəlcə ağlıma ilk gələn Ayşən oldu. Görən hələ də burdadırmı? O dəfəki söhbətimizdən sonra nə düşünür, nə edir? İçəri girəndə mənzərə eyni oldu. Yenə hər kəs bir işin qulpundan yapışıb başını qatırdı. Keçən dəfə bizi qarşılayan xanım məni görən kimi "o dəfə gələn jurnalist qız gəlib" - deyə, içəriyə xəbər verdi. Oturub bir neçə dəqiqə gözlədik. Elə bu an içəriyə bir xanım gəldi. Əlində sini, üzərində 3 stəkan çay, yanında da konfetlər. Əvvəlcə sığınacağın işçisi zənn edib, ona əziyyət çəkməməsini deyərək, təşəkkür etdim. Amma o, oturacağı yaxına çəkib, yanımda əyləşdi. Sözü olduğunu dedi.

"Adımı başqa cür qeyd etsəniz olar? Qorxuram atam məni tapıb, öldürər..."

Öyrəşmişik axı, qız övladları hər zaman ataya meyilli olar. Ataları tərəfindən daha çox sevilib, əzizlənər. Atanı özlərinə dağ bilib, ona sığınar... Amma bir çoxumuzun ümid yeri bildiyimiz o dağ Günelin başına yıxılmış qaya parçasından başqa bir şey olmayıb...

İlk cümləsi də belə oldu: "Atam öz xoşbəxtliyi üçün məni bədbəxt elədi".

"Adım Güneldir. Kənddə böyümüşəm. Özümdən kiçik bir qardaşım var Ailəmizdə atam bizi çox incidirdi. Bəlkə də, çalışırdı bizim üçün ən yaxşısını etsin, amma hər şey tam əksinə olurdu. Mənim 15 yaşım tamam olandan qapımıza elçilər gəlməyə başladı. Mən isə hər dəfə bu yaşda ailə qurmaq istəmədiyimi, təhsil almaq arzusunda olduğumu deyirdim. Başa düşürdüm ki, bu kənddə adətdir. Qızları erkən yaşda ərə verirlər. Amma anamın mənə dəstək olacağına ümid edirdim. Hər evdə söz-söhbət olur. Hər dəfə atamla anam mübahisə edəndə, anam deyirdi "çıxıb gedəcəm", atam da "get, qapı açıqdı" cavabı verirdi. Amma inanmırdım ki, anam övladlarını atıb gedər. Çox əziyyət çəkirdi, bilirəm, amma bizi də özü ilə aparaydı. Sonradan bilmədim nə oldu, nə olmadı, bir gün səhər oyandıq gördük ki, anam yoxdur. Üstündən bir həftə keçmədi ki, atam evə başqa qadın gətirdi. Axşam hər zamanki kimi süfrə açıb atamın evə gəlməsini gözləyirdik. Süfrə başına keçəndə bizə dedi ki, tanış olun bu sizin yeni "ananızdı". Heç nə demədim, sakit durdum. Bir neçə gün sonra Qobustandan olan bir nəfərə məni məsləhət görüblər. Deyiblər ki, bəs belə bir qız var, dindardı, təmiz adamdı və s. Heç 1 ay deyildi o qadının bizim evə gəldiyi, amma atama deyirdi ki, qızı ərə ver, getsin. Həmin ərəfələrdə də bu oğlanın ailəsi qapımıza gəldi. Oturub danışdılar, atam dedi, namaz qılan ailədilər, pis olmazlar, səni o oğlana verəcəm. Nə qədər yalvar-yaxar etdimsə, məni eşitmədi. Mənə dedi ki, "ögey ananla bir evdə, sən yaşda qız alınmır. Biz də təzə birlikdə yaşamağa başlayırıq, bir az başa düş. Axır-əvvəl ailə qurmalısan, 1 ay tez, 3 ay gec, nə fərqi var?"

Günel danışdıqca barmaqlarını bir-birinə dolayır, dişlərini qıcayırdı. Sanki onu qışın bu günü buz dolu vannaya qoyub küçədə saxlamısan. Sonradan danışdıqlarını eşitdikcə, bu titrəmənin əslində heç də sıradan bir həyəcan olmadığını anladım. Danışdıqca ağlayır, peşmançılıq çəkirdi. Canının yandığı gözlərindən oxunsa da, onu bu həyata sürgün edən öz ağılsızlığı olmamışdı axı. Bəlkə də, onu da yandıran məhz bu məqam idi. Bir az toxdayıb, davam elədi:

"Məni bu oğlana ərə verdilər. Gəlin köçəndə də heç bir xəyalım yerinə yetməmişdi. Bizim kənddə bəzi atalar qızlarını başlıq puluna satırlar. Məni də atam 800 manata bu oğlana "satdı". Bəlkə də atam mənə imkan versəydi, təhsil alıb, bir işə girib işləsəydim, hər ay evə 800 manat qazandıracaqdım, kim bilir ki? Həyatımın 7 ili "bəlkə", "bəlkə" deməklə keçdi. 17 yaşımda atamın təzyiqi ilə məcbur ailə qurdum. Elə toydan 2 gün sonra qara günlərim başladı. Qayınanamla birlikdə yaşayırdıq. Evdə mən, yoldaşım, kiçik baldızım qalırdıq. Tezdən durduq yemək yeməyə, süfrəni hazırladım, amma məni süfrəyə oturmağa qoymadılar. Qayınanam dedi ki, süfrədən qalx. Elə bildim zarafat edir. Birdən özü durdu ayağa başladı başını divara çırpmağa ki, mənim sözümü eşitmirsən, sən kimsən, nəçisən? Təhqir ardınca təhqir eşitdim. Yoldaşım isə məni müdafiə etmədi. Dedi, anam düz deyir, söz eşit, yoxsa sənin üçün pis olacaq. Hər günüm bax belə keçirdi. Sonradan baldızlarım mənə dedi ki, anamıza çox fikir vermə, özündən asılı deyil. Xəstə düşmüşdü. Bir az da kök qadın idi. Hər dəfə onu tək qaldırırdım. Gücüm çatmırdı. 2 dəqiqədən bir deyirdi gəl, mənim yerimi dəyiş. Bir neçə ay sonra hamilə qaldım. Onun ucbatından az qala uşağımı itirəcəkdim".

Günelin bu evlilikdən bir qızı, bir oğlu var. Hər dəfə danışdıqları onu göz yaşlarına boğanda, gözünü əlləri ilə silib mənə deyirdi ki, "Könül, bilirsən, hər şeyə rəğmən mənim bir qızım, bir oğlum var. Mən anayam..." Qeyri-ixtiyari hiss etdim ki, gözlərim dolur. Mən Güneli tam başa düşə bilmərəm, amma mənə elə gəlir ki, oxucularımız arasında ana olan xanımlarımız onun nə demək istədiyini anladı. Beləcə, söhbətimiz daha ağrılı-acılı hadisələrə doğru davam etdi:


Xəbərə aid fotolar