İtaliyada “Əli və Nino” filminin nümayişi olub


Digərləri 02 Fev 2018 16:27:23 156 0

İtaliyada “Əli və Nino” filminin nümayişi olub

Tədbir Azərbaycanın İtaliyadakı səfirliyi və Genuyadakı fəxri konsulluğunun birgə təşkilatçılığı ilə baş tutub

Genuya şəhərində Qurban Səidin müəllifi olduğu dünya bestsellerinin eyniadlı romanı əsasında ekranlaşdırılan “Əli və Nino” filminin nümayişi keçirilib.

"Report"un məlumatına görə, tədbir Azərbaycanın İtaliyadakı səfirliyi və Genuyadakı fəxri konsulluğunun birgə təşkilatçılığı ilə baş tutub. 

Mərasimdə Genuya şəhərində akkreditə olunmuş diplomatik korpus və fəxri konsulluqların təmsilçiləri, mədəniyyət və kino sahəsində fəaliyyət göstərən şəxslər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri Azərbaycanın Genuyadakı fəxri konsulu Marqarita Kosta açaraq filmin süjet xətti və əhəmiyyətindən bəhs edib, həmçinin əsərin müəllifi Qurban Səidin həyat və yaradıcılığı haqqında məlumat verib.

Azərbaycanın İtaliyadakı səfirliyinin əməkdaşı Erkin Heydərli çıxışında nümayiş olunan filmin yalnız sevgi hekayəsi deyil, həmçinin Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsindən bəhs etdiyini qeyd edərək onun Azərbaycan Xalq Cümhuriyyəti dövrünün işıqlandırılması baxımından əhəmiyyətini vurğulayıb. Filmin nümayişinin AXC-nin yaradılmasının 100 illiyinə təsadüf etdiyini bildirən diplomat həmin dövr haqqında məlumat verib.

Filmin nümayişi ilə yanaşı, tədbir iştirakçılarına ölkəmizlə bağlı təbliğat materialları paylanılıb, həmçinin Azərbaycan şərablarından nümunələr təqdim edilib.