"Hüseyn Cavid – 135" şeir müsabiqəsi ilə bağlı antologiya təqdim edildi


Kriminal 02 Fev 2018 13:40:00 292 0

"Hüseyn Cavid – 135" şeir müsabiqəsi ilə bağlı antologiya təqdim edildi

Bu gün böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 135 illik yubileyi münasibətilə "Kaspi" təhsil şirkəti, "Kaspi" qəzeti, artkaspi.az mədəniyyət və ədəbiyyat portalının birgə təşkil etdiyi "Hüseyn Cavid - 135" şeir müsabiqəsinin mükafatlandırma və müsabiqəyə göndərilən poetik nümunələrdən ibarət antologiyanın təqdimat mərasimi keçirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, tədbirdə "Kaspi" qəzetinin təsisçisi Sona Vəliyeva, Mətbuat Şurasının sədri Əflatun Amaşov, media rəhbərləri, şairlər və digərləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Mətbuat Şurasnın sədri Əflatun Amaşov Azərbaycanın böyük şairi Hüseyn Cavid haqqında məlumat verib. O bildirib ki, Hüseyn Cavid Azərbaycan ədəbiyyatının mühüm simalarından biridir.

Görkəmli şairin Naxçıvanın Şaxtaxtı kəndində anadan olduğunu deyən Ə.Amaşov məlumat verib ki, böyük dramaturq bir müddət Təbrizdə mədrəsədə, daha sonra isə İstanbulda təhsil alıb:

"Təhsil aldıqdan sonra böyük şair Azərbaycanda müəllimlik fəaliyyəti ilə məşğul olub. Lakin o dövrün amansız sürgün həyatı ondan da yan keçməyib. Böyük şairimiz Sibirə sürgün olunub. Ulu öndər Heydər Əliyevin səyi nəticəsində görkəmli şairin məzarı tapılaraq Azərbaycana gətirilib".

Ə.Amaşov bildirib ki, Hüseyn Cavid Azərbaycan ədəbiyyatında əbədi iz qoyan sənətkardır:

"Hüseyn Cavid elə sənəktardır ki, onun əsərləri əbədi olaraq tariximzə həkk olunmalıdır".

Daha sonra tədbirdə Hüseyn Cavidin həyat və fəaliyyətini əks etdirən video-çarx nümayiş olunub.

Tədbirdə çıxış edən "Kaspi" qəzetinin təsisçisi Sona Vəliyeva deyib ki, Hüseyn Cavid çox xoşbəxt sənətkarlardandır.

Onun sözlərinə görə, sənətkarına böyük qiymət verə biləcək xalqa sahib olmaq xoşbəxtlikdir: "Şəxsiyyətləri mühit yetişdirir. Bu, birmənalıdır. Cavidin taleyi elə yazılmışdır ki, onun atası mütləq Şaxtaxtdan köçməli idi. Böyük dramaturq atasının qoyduğu molla məktəbindən qaçmalı, Sidqinin məktəbinə gəlib dünyəvi elmlərlə məşğul olmalı idi. O, öz yaradıcılığını iki böyük məfkürənin qovşağının bünövrəsində qurmalı idi. Çünki dahi şairimizin taleyi əvvəldən görəvli idi. Hüseyn Cavidin taleyində türk dünyasının ən böyük filosoflarından, insanlarından dərs almaq yazılmışdı. O, məfkürənin nədən başlandığını və digər prinsipləri öyrənməli idi".