Bakıda “Gəncliyin səsi” festivalının açılışı olub


Digərləri 02 Fev 2018 12:41:05 158 0

Bakıda “Gəncliyin səsi” festivalının açılışı olub

Bir qrup istedadlı gənc mükafatlandırılıb

 Gənc Tamaşaçılar Teatrında 2 fevral - Gənclər Günü münasibətilə “Gəncliyin səsi” ənənəvi festivalının açılışı olub.

"Report" xəbər verir ki, tədbir Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə baş tutub.

Əvvəlcə tədbir iştirakçıları Bakı Turizm Peşə Məktəbinin, Azərbaycan Turizm və Menecment Universitetinin tələblərinin və ASAN könüllüləri Mədəniyyət Mərkəzinin gənc üzvlərinin əl işlərindən ibarət fotosərgi ilə tanış olublar.

Mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək hər il ənənəvi olaraq keçirilən festivalın əhəmiyyətindən danışıb: “Gəncliyin səsi” festivalı gənc istedadların üzə çıxarılması, onların yaradıcılıq axtarışlarının, bilik və bacarıqlarının, əldə etdiyi nailiyyətlərin dəstəklənməsi, yeni simaların aşkar olunması məqsədi daşıyır".

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin baş direktoru İnam Kərimov çıxış edərək dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında gənclərin iştirakının təmin edilməsini vacib məsələlərdən biri olduğunu qeyd edib.

Daha sonra bir qrup istedadlı gənc mükafatlandırılıb.

Diqqətə çatdırılıb ki, fevralın 6-dək davam edəcək festivalın paytaxtla yanaşı, Sumqayıt və Mingəçevir şəhərlərində, Şəmkir, Gədəbəy, Quba və Masallı rayonlarında keçirilməsi nəzərdə tutulub.

Festival çərçivəsində mədəniyyətin müxtəlif sahələri üzrə peşəkar və həvəskar gənclərin iştirakı ilə konsertlərin, görüşlərin, foto və rəsm sərgilərinin və tamaşaların premyerasının keçirilməsi nəzərdə tutulur.