Xidmət sahəsində çalışanların məcburi tibbi müayinədən keçirilməsi üçün hüquqi aktlar hazırlanır


Sosial 02 Fev 2018 11:20:00 318 0

Xidmət sahəsində çalışanların məcburi tibbi müayinədən keçirilməsi üçün hüquqi aktlar hazırlanır

Bu işlərə Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək

Azərbaycanda ictimai iaşə və xidmət sahələrində çalışan şəxslər məcburi tibbi müayinədən keçiriləcəklər.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Qida Təhlükəsizliyi Agentliyi Kommunikasiya və informasiya texnologiyaları şöbəsindən bildirilib.

Sorğunun cavabında qeyd olunub ki, hazırda bu sahədə normativ və hüquqi aktlar hazırlanır: “Hüquqi baza yaradıldıqdan sonra Qida Təhlükəsizliyi Agentliyinin Əsasnaməsində qeyd olunduğu kimi, Qida Təhlükəsizliyi Agentliyi Səhiyyə Nazirliyi ilə birlikdə qida zəncirinin bütün halqalarında, o cümlədən ictimai iaşə və xidmət sahələrində çalışan şəxslərin müəyyən edilmiş qaydada və müddətdə məcburi tibbi müayinədən keçmələrinə nəzarət edəcək”.

Qeyd edək ki, Milli Məclisin Səhiyyə komitəsinin bu il yanvarın 30-da keçirilən iclasında Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi, tibb xidməti general-mayoru Rəfail Mehdiyev bildirib ki, bir çox restoranlarda, uşaq müəssisələrində açıq formalı vərəm xəstələri işləyir və onlara nəzarət də edilmir: “Əvvəllər belə obyektlərdə işləyənlər 3-4 aydan bir məcburi müayinədən keçirdilər. Bunu bərpa etmək və çox ciddi nəzarət etmək lazımdır”.