"Azərbaycanın gənclər siyasəti bir çox ölkələrə nümunədir" Mirhəsən Seyidov


Digərləri 02 Fev 2018 11:25:00 273 0

"Azərbaycanın gənclər siyasəti bir çox ölkələrə nümunədir"  Mirhəsən Seyidov

Azərbaycanda 2 fevral tarixinin Gənclər Günü kimi elan olunması Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz ulu öndərin 1997-ci il fevralın 2-də imzaladığı fərmana əsasən, hər il fevralın 2-si Azərbaycanda Gənclər Günü kimi qeyd olunur. Qeyd edim ki, Gənclər Günü MDB məkanında, həmçinin, Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq məhz Azərbaycanda məxsusi olaraq təsis edilib və hər il təntənəli şəkildə qeyd edilir. 

Ölkəmizdə gənclər hərəkatının, 300-dən çox gənclər təşkilatlarının formalaşması, Prezident Administrasiyasında Gənclər siyasəti və idman məsələləri şöbəsinin, Milli Məclisin Gənclər və İdman Komitəsinin, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu kimi dövlət qurumlarının yaranıb fəaliyyət göstərməsi isə ölkə gəncliyinin inkişafına güclü dəstək verir.

Biz 2016-cı ilin cəbhədə aprel döyüşləri zamanı gəncliyimizin nə dərəcə vətənpərvər olmasının şahidi olduq və bundan qürur duyduq. Ölkə Prezidenti cənab İlham Əliyevin də dediyi kimi təhlükəsizlik məsələlərində biz yalnız gənc nəslə güvənirik. Bu gün sərhədlərimizin keşiyində duran, erməni təcavüzkarları ilə üzbəüz səngərdə dayanan gənclərimiz bütün sahələrdə olduğu kimi təhlükəsizlik, müdafiə məsələlərində də ölkəmizin etibarlı əllərdə olduğunu göstərir.

Azərbaycanda könüllülük hərəkatı da gənclərimizin əsas dəyər verilməli olan fəaliyyəti sayılır. Ölkəmizdə keçirilən beynəlxalq yarışlarda aparıcı qüvvə sayılan könüllü gənclərin də əməyi xüsusi vurğulanmalıdır. Bakıda təşkil edilən IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təşkil olunmasının bir səbəbi də könüllülərin bu yarışa cidd-cəhdlə hazırlaşması oldu. Onlar IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin dəstəyi ilə müxtəlif təlimlərə cəlb edilir və şəxsi bacarıqlarını artırırdılar. İndiyədək minlərlə könüllü ölkəmizdə keçirilən irimiqyaslı idman tədbirlərində yaxından iştirak edib. Belə ki, Bakıda keçirilmiş I Avropa Oyunlarında 15 min, Formula 1 Azərbaycan Qran Prisinin təşkilinə isə 3500-dən çox könüllü cəlb olunmuşdur.  

Ümumiyyətlə, Azərbaycanda həyata keçirilən gənclər siyasəti bir çox ölkələrə nümunədir. Azərbaycanda gənclərlə bağlı dövlət siyasəti özünün mükəmməlliyi ilə seçilir. Gənclərlə bağlı dövlət proqramlarının olmasını onlara göstərilən diqqət və qayğının bariz nümunəsi kimi göstərmək olar. Prezident İlham Əliyev tərəfindən imzalanmış "Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə" Dövlət proqramı "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası əsasında hazırlanıb. Dövlət proqramında qəbul olunması bu gün yetişən gənclərin inkişafına dəstək verməklə yanaşı, qarşıya bir çox məqsədlər qoyulub. Proqram bundan öncəki illərdə həyata keçirilən gənclər siyasətinin uğurlarına hesablanıb. Prezident İlham Əliyev tərəfindən qəbul olunan proqram, onun gənclərlə görüşləri ölkəmizdə gənclərin inkişafına, onlara yönəlik siyasətin əhəmiyyətinə verdiyi önəmin nəticəsidir. Digər sevindirici hal isə bölgələrdəki gənclərin də artıq hər mənada inkişaf etməsidir. Biz daimi olaraq region gənclərinin iştirakı ilə bağlı layihələr həyata keçirir, onların hər zaman diqqətdə olduqlarını nəzərlərinə çatdırırıq.

İdman dövlətin gənclər siyasətində əsas prioritetlərdən biri sayılır. Burada əsas məqsəd sağlam gəncliyin yetişməsidir. Qeyd edim ki, Azərbaycanın bu sahədə də xeyli sayda uğurları, nailiyyətləri var. İdmançılarımız Azərbaycanı beynəlxalq yarışlarda, dünya və Avropa çempionatlarında, eləcə də Olimpiya Oyunlarında layiqincə təmsil edirlər. Beynəlxalq arenada Azərbaycan bayrağının dalğalanması, dövlət himnimizin səslənməsi bu günün gəncinin və o gənci formalaşdırıb yetişdirən Azərbaycanın uğurudur.

Hazırda Azərbaycanın inkişafı gənclərin də önündə geniş qapılar, yollar açır. Tarixi milli-mənəvi dəyərlərimiz, Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlər, eyni zamanda ölkəmizin zəngin resursları gənclərimizin inkişafı üçün müvafiq şəraiti yaradır. İndi əsas vəzifə gənclərin bu imkanlardan layiqincə yararlanıb, həm öz inkişafını təmin etmək, həm də dövlətimizin mənafeyini etibarlı şəkildə müdafiə edən layiqli vətəndaş kimi formalaşmaq üçün ciddi iradə ilə çalışmalıdır. Hər bir gənc öz yolunu müstəqil Azərbaycan Respublikasının həyat yolu kimi qəbul etməlidir.