Erkən təlimlərlə Daun sindromlu uşaqlarda əqli inkişafı əhəmiyyətli dərəcədə yüksəltmək olar


Digərləri 02 Fev 2018 08:12:00 551 0

Erkən təlimlərlə Daun sindromlu uşaqlarda əqli inkişafı əhəmiyyətli dərəcədə yüksəltmək olar

Daun sindromu, daha çox əqli inkişafda gerilik və digər orqanlarda qüsur əmələ gətirən, anadangəlmə xromosom anomaliyasıdır. Bu sindrom dölün inkişafı sırasında bir xromosomun artıq əmələ gəlməsi nəticəsində yaranır. İnsan hüceyrələrində 46 (23 cüt) xromosom var. Bütün bu, xromosomlar öz xüsusi genetik xüsusiyyətlərinə sahibdirlər. Normal halda insanların hər bir hüceyrəsində biri anadan, biri atadan olmaqla iki, yəni bir cüt xromosom olur. Daun sindromlu uşaqlarda isə hər hüceyrədə iki əvəzinə üç xromosom olur.

Dünyada hər 1000 uşaqdan təxminən ikisi Daun sindromu ilə dünyaya gəlir. Uşaqda Daun sindromunun olma ehtimalı, hamilənin yaşının çox olması ilə artır.

Son.az bildirir ki, bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikasının mama-ginekologiya şöbəsinin müdiri, həkim-ginekoloq Turab Canbaxışov deyib.

- Daun sindromu olan dölün inkişafı necə gedir?

- Bu cür uşaqlar digərlərinə nisbətən əsasən boy və çəki baxımından daha gec inkişaf edir, daha gec öyrənir, problem həll etməkdə və qərar verməkdə çətinlik çəkirlər. İnkişaf və problemin ağırlıq dərəcəsi uşağa görə dəyişir. Lakin təəssüf ki, bu uşaqların əqli inkişafları normadan aşağı olaraq qalır. Lakin yaxşı və erkən başlanan təlimlərlə bu uşaqlarda əqli inkişafı əhəmiyyətli dərəcədə yüksəltmək olar. Daun sindromlu uşaqlar yaxşı və xüsusi təlimlə normal fərd olaraq yaşaya, hətta fürsət verildikdə peşə sahibi də ola bilərlər. Təlimlər zamanı fizioterapevt, loqoped kimi bir sıra xüsusi mütəxəssis məsləhətinə də ehtiyac ola bilər. Bu proses planlı-proqramlı, peşəkarlar tərəfindən aparılmalıdır.

Daun sindromu daşıyan uşaqların bir qismi doğuş zamanı ölür. Bu sindromla dünyaya gələn uşaqların təxminən yarısında bir sıra ürək xəstəlikləri də müşahidə edilir. Bundan əlavə belə uşaqlarda mədə-bağırsaq xəstəlikləri, tənəffüs sistemində pozuntular, eşitmə, görmə, danışıq qabiliyyətlərinin aşağı olması və infeksiyalara meyillilik də müşahidə edilir. Bu qüsurların bir qismi əməliyyat vasitəsilə müalicə edilir. Daun sindromu olan uşaqlarda rast gəlmə ehtimalı daha yüksək olan digər xəstəliklər isə leykoz və Altsgeymerdir. Bəzən uşaq fiziki baxımdan çox sağlam doğula bilər, lakin əqli inkişafı mütləq şəkildə normadan geri qalır.

- Daun sindromu skrininqi nədir?

- Hamilə qadının Daun sindromlu uşaq dünyaya gətirməsini təyin etmək üçün aparılan müayinələrə Daun sindromunun skrininqi deyilir. Bunlar ikili, üçlü, dördlü və kombinə olunmuş testlərdir. Hamiləlik zamanı bu testlərdən sadəcə birinin istifadəsi uyğundur. Bunlardan ən çoxu məlum olanı ikili və dördlü testlərdir. Bu müayinələr nəticəsində yüksək risk aşkar olunduqda diaqnozun dəqiqləşdirilməsi üçün hamilələr xorion xovlarının biopsiyası, amniosintez, kordosintez testlərindən də keçirilirlər.

- Prenatal skrininq testləri nədir?

- Bütün valideyn namizədləri haqlı olaraq dünyaya gətirəcəkləri körpənin qüsursuz və sağlam olub-olmayacağını bilmək istəyirlər. Bunun üçün dölün sağlam olub-olmadığını müəyyənləşdirən müxtəlif test üsulları var. Hamiləlik dövründə bu istiqamətdə edilən müayinələr prenatal, yəni doğuşdan əvvəlki skrininq testləri adlandırılır. Bu müayinələr əsasən misal olaraq, Daun sindromu daşıyan bir uşaq dünyaya gətirmə ehtimalını öyrənmək üçün aparılır.