Ağstafada 517 ədəd müxtəlif növ partlamamış hərbi sursat aşkar olunub


Sosial 02 Fev 2018 02:11:56 308 0

Ağstafada 517 ədəd müxtəlif növ partlamamış hərbi sursat aşkar olunub

Daşınması mümkün olmayan mərmilərdən 2-si yerində partlayış yolu məhv edilib

Yanvarın 26-da Ağstafa rayonunun Saloğlu qəsəbəsi ərazisində silah-sursat tapılıb.

“Report” xəbər verir ki, bu barədə məlumat FHN-in Böhran Vəziyyətlərində İdarəetmə mərkəzi və DİN-in ″102″ Xidməti-Zəng mərkəzi sistemindən ANAMA-ya daxil olub.

Məlumatlara əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən həmin tarixdə yuxarıda adı qeyd olunmuş ərazidə 1 otlaq sahəsinə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində 20 ədəd müxtəlif növ partlamamış hərbi sursat aşkar olunub və götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Torpağın altında digər sursatların olmasını, hava şəraitinin yağıntılı və küləkli olmasını nəzərə alaraq əməliyyat-axtarış tədbirlərinin 29 yanvar - 01 fevral 2018-ci il tarixlərində davam etdirilib, nəticədə əlavə olaraq 497 ədəd müxtəlif növ partlamamış hərbi sursat, 88 kq yandırma məhsulu aşkar edilib. Ümumilikdə 517 ədəd müxtəlif növ partlamamış hərbi sursat aşkar edilib, 515 ədədi Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb, 2 ədəd partlamamış hərbi sursatın daşınması mümkün olmadığına görə, 01 fevral 2018-ci il tarixində yerində partlayış yolu məhv edilib.

Aşkar olunmuş partlamamış hərbi sursatların ətrafında 10 000 kv.m əraziyə yerüstü, 675 kv.m əraziyə isə yeraltı baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

Bu əməliyyat Böyük Britaniya hökuməti tərəfindən maliyyələşdirilib.