İran qadınları hicaba qarşı etiraz edir


Digərləri 01 Fev 2018 23:35:00 377 1

İran qadınları hicaba qarşı etiraz edir

İranda hicablara qarşı fərdi etiraz hərəkatı genişlənir.

Bazar ertəsi yanvarın 29-da bir neçə başıaçıq qadın Tehran küçələrində transformator köşklərinə dırmaşaraq çubuğa bağlanmış baş yaylıqlarını bayraq kimi dalğalandırıblar.

1979-cu il inqilabından bəri bu, İranda qadınların hicab əleyhinə ilk kütləvi çıxışdır.

İlk belə aksiya dekabr ayında qeydə alınıb - belə addımı 1,5 yaşlı körpə qızın 31 yaşlı anası Vida Movahid atıb.

Dekabrın 27-də qadın başıaçıq halda Tehranın İnqilab prospektində köşkə dırmaşaraq baş örtüyünü bayraq kimi dalğalandırıb.

Onun şəkilləri və bu hərəkəti əks etdirmiş video sosial şəbəkələrdə geniş yayılıb.

Hüquq müdafiəçilərinin məlumatlarına əsasən, qadın polis tərəfindən təkrar olaraq saxlanılıb və sonra buraxılıb.

Fars dilində "O haradadır" sualı olan həştəq Twitter-də 28 min dəfədən də çox istifadə olunub.

Tanınmış hüquq müdafiəçisi Nəsrin Sotudehin sözlərinə görə, qadın bazar günü yanvarın 28-də azadlığa çıxıb.