İtaliya mafiyaları necə qurulub?


Digərləri 01 Fev 2018 22:35:00 355 0

İtaliya mafiyaları necə qurulub?

İtaliya polisi mafiya ilə mübarizə çərçivəsində əməliyyat apararaq Neapol, Roma və Siciliya Agrigentosu rayonlarında onlarla insanı həbs edib.

Həbs olunanlar qaçaqmalçılıqda, qəsbkarlıqda, sifarişli qətldə, siyasətçilərə rüşvət verməkdə, fahişəliyin təşkilində, sənət əsərlərinin oğurlanmasında ittiham olunurlar.

Cinayətlərin siyahısı genişdir.

Bəs bu gün italyan mafiyası özünü necə təqdim edir?

"Cosa Nostra" - Siciliya mafiyası

Siciliya bandaları model yaratdılar və sonradan bu modeli bütün dünyadakı mafiya qruplaşmaları qəbul etdilər.

Onlar 1800-cü illərdə Siciliyada güclü qüvvəyə çevrildilər, nəticədə onların qüdrəti və inkişafı davamlı olaraq artdı.

"Cosa Nostra" Siciliya dilindən tərcümədə "bizim işimiz" deməkdir.

Əsasını ailə klanlarının qoyduğu ilk mafiya belə adlanırdı.

O, özünün şərəf kodeksi - omerta ilə məşhurdur, hansı ki, mütləq sadiqliyi tələb edir.

Kənara məlumat ötürən informatorları əzab və ölüm, onların qohumlarını isə cəza gözləyirdi.

Hətta bizim günlərdə Siciliyadakı mafiya üzvləri kommersiya mübahisələrini həll etməyə və oğurlanmış məhsulların axtarışına cəlb edilir, ləng gedən məhkəmə işlərindənsə onların xidmətinə üstünlük verilir.

Lakin bir çoxları, sahibkarların bizneslərinin "müdafiəsi" üçün pul ödəməyə məcbur olduqları mafiyanın "himayədarlıq" təcrübəsinə nifrət edirlər.

"Cosa Nostra" reketçiliklə məşğul olaraq, Chicago, New-York və digər şəhərlərdəki bandalarla mübarizə aparmaqla ABŞ-da da məhşurlaşmışdı.

Qruplaşma 1920-ci illərdəki "quru qanun" dövründə saxta spirtli içki ticarəti sayəsində yerini əhəmiyyətli dərəcədə möhkəmlətmişdi.

Federal Təhqiqat Bürosu (FTB) iddia edir ki, Amerikanın cinayət sindikatının ümumilikdə italiyalı klanlarla əlaqəsi yoxdur.

"Cosa Nostra"nın əsas gəlir mənbəyi heroin ticarətidir.

Əgər bu gün "mafiya" sözünü işlətsək, çoxları dərhal Marlon Brando-nun "Xaç atası" filmini xatırlayacaqlar.

Siciliya dilində "mafiya" sözü "cəsarət" sözüylə əlaqəlidir.

Çox vaxt bu termin bütün mütəşəkkil cinayət qruplaşmalarına qarşı düzgün və təyinata görə istifadə edilmir.

Bəzi mafiya təşkilatları Rusiya, Çin, Albaniya və digər ölkələrdən olan qəddar bandalarla rəqabət apararaq öz fəaliyyətlərini başqa ölkələrdə də davam etdirirlər.

Bəzi hallarda bandalar öz hərəkətlərini əlaqələndirirlər və sonradan əldə etdiklərini bölüşdürürlər.

"Cosa Nostra" təkcə İtaliyada deyil, həm də ABŞ-da yerli və dövlət siyasətinə daxil olub.

Lakin hətta İtaliyada belə korrupsiya ilə bağlı qalmaqallar həmişə mafiyanın iştirakını nəzərdə tutmur.

Romadakı səs-küylü məhkəmə prossesi möhtəşəm korrupsiya sxemini ortaya çıxardı, lakin burada mafiyanın rolu yox idi.

FTB-nin məlumatına görə, hazırda "Cosa Nostra" və digər 3 böyük mafiya - "Camorra", "Ndrangheta" və "Sacra Corona Unita" qruplaşmasının 25 min üzvü var.

Ümumilikdə dünyada 250 min insanın onlarla əlaqəsi var.

"Cosa Nostra"ya xaç atası Salvatore Riina başçılıq edən zaman qruplaşma əslində İtaliya hökuməti ilə müharibə vəziyyətində idi.

"Cosa Nostra" tərəfindən öldürülən prokuror Falcone-nin qətl yerində abidə quraşdırılıb

1992-ci ilin mayında Riina-nın adamları Palermo yaxınlığında prokuror Gioavanni Falcone-nin avtomobilini partlatmışdı.

Nəticədə prokuror özü, xanımı və 3 mühafizəçi həlak olmuşdu.

İki ay sonra isə yeni prokuror Paolo Barsellino da öldürülmüşdü.

Onun avtomobili də Palermoda partladılmışdı. Riina 2017-ci ilin noyabrında 87 yaşında həbsxanada vəfat edib.

Ona ömürlük həbs cəzası verilmişdi.

Palermodakı Corleone şəhərindəki mafiyaya məxsus mülk müsadirə edilərək otelə çevrilib

"Cosa Nostra" yerli podratçıların vasitəsiylə Avropa İttifaqının (Aİ) Siciliyadakı iqtisadi layihələrini də ələ keçirmişdi.

2010-cu ildə BBC-nin apardığı araşdırma müəyyən edib ki, digər biznes layihələri sırasında mafiya strukturları külək elektrik stansiyalarından da vəsait əldə edib.

Siciliya ictimaiyyəti təslim olmaq niyyətində deyil.

Libera Terra anti-mafiya qruplaşması biznes layihələrlə məşğul olur.

Bunların arasında mafiyadan ələ keçirilən vəsaitlə əldə edilən mehmanxana biznesi də var.

Mafiyanın öyrənilməsi üzrə ixtisaslaşan Oxford universitetinin əməkdaşı Federico Varese deyir ki, hazırda "Cosa Nostra" dövlət tərəfindən maliyyələşdirlilən mühacirlər üçün yaşayış yerlərinin himayədarlığı ilə məşğuldur.

Lakin mühacirlərin bəzi bandaları mafiya ilə fahişəlik kimi sahələrdə rəqabət aparmağa cəhd göstərirlər.

Bu barədə BBC-ə danışan Varese Siciliyada polisin mafiyaya "böyük təzyiq" göstərdiyini əlavə edib.

"Camorra" - Neapol mafiyasıdır