Azyaşlı uşaqları Facebooka buraxmayın


Digərləri 01 Fev 2018 22:25:00 281 0

Azyaşlı uşaqları Facebooka buraxmayın

Uşaq sağlamlığı üzrə 100-dən çox ekspert Facebook şirkətinə məktub yazaraq 13 yaşına çatmamış uşaqlar üçün nəzərdə tutulan smartfon tətbiqinin geri çağırılmasını xahiş edib.

Mark Zuckerberg-ə ünvanlanmış açıq məktubda müraciət müəllifləri Messenger Kids adlı tətbiqi, azyaşlı uşaqları Facebook-dan istifadə etməyə şirnikləşdirən "məsuliyyətsiz" cəhd kimi qiymətləndiriblər.

Ekspertlər hesab edir ki, uşaqlara sosial media şəbəkələrində hesab açılması vaxtından xeyli tez atılan addımdır.

Facebook isə bildirib ki, sözügedən tətbiqin işlənib hazırlanmasında onlayn təhlükəsizliyi ekspertləri iştirak edib və bu addım sosial mediadan uşaqların istifadə etməsinə nəzarəti gücləndirməyə çağıran valideynlərin qayğılarını qarşılamaq məqsədi ilə atılıb.

Facebook qeyd edib ki, Messenger Kids geniş istifadə olunan Messenger tətbiqinin sadələşdirilmiş və qapallı işləyən bir versiyasıdır: bu tətbiqdən istifadə etmək üçün valideynin icazəsi tələb olunur, tətbiqin işi nəticəsində isə toplanan məlumat reklam üçün istifadə olunmur.

Uşaq ekspertlərinin məktubunda deyilir: "Keçirilmiş tədqiqatların nəticələri göstərir ki, elektron cihazlardan aşırı istifadə uşaq və yeniyetmələr üçün zərərlidir".

"Uşaqlar sosial mediada hesab açmağa hazır deyil, onlayn məkanda münasibətlərin mürəkkəbliyindən çox vaxt böyüklər belə baş aça bilmir, qalsın ki, uşaqlar", - məktubda qeyd olunub.

Buna cavab olaraq Facebook qeyd edib ki, "yeni tətbiq 2017-ci ilin dekabr ayında istifadəyə veriləndən bəri valideynlər bildirir ki, Messenger Kids onlara uşaqları ilə əlaqədə olmağa kömək edir".

"Misal üçün, geçə növbəsində işləyən və ya işə yollanan valideynlər uşaqlarının durumu haqqında vaxtında məlumat ala bilir", - Facebook qeyd edib.

Məktub müəllifləri isə hesab edir ki, bunun üçün Facebook-da uşaqlar üçün xüsusi tətbiq yaradılmasına ehtiyac yoxdur.