Tarixin möhtəşəm kitabı


Digərləri 01 Fev 2018 21:25:00 267 0

Tarixin möhtəşəm kitabı

1909-cu ildə Londonun iki cildçisinə dünyanın ən möhtəşəm kitabını hazırlamaq sifarişi verilmişdi: Ömər Xəyyamın Rübailərini. Lakin bu kitabın taleyində Atlantik okeanının dibinə düşmək varmış.

"1912-ci ilin 14 aprelində Titanik gəmisi Yeni dünyanın sularına qərq olanda, onun məşhur qurbanlarından biri də elə bu kitab olmuşdu."

Bu sözlər Livan əsilli fransız yazıçı Amin Maaloufun tarixi "Səmərqənd" romanından götürülüb.

Sözü gedən kitab 11-ci əsrin Şərq mütəfəkkirlərindən iranlı Ömər Xəyyamın Rübailəri idi. Doğrudur, burdakı şeirlərin başqa-başqa kitablarda çoxsaylı nüsxələri vardı, amma bu kitab yeganəydi.

Maaloufun romanında da söhbət məhz bu kitabın taleyindən gedir.

1900-cü illərin əvvəllərində Londonda iki cildçi - George Sutcliffe və Francis Sangorski cildlədikləri kitabların ecazkar və təkrarsız dizaynı ilə tanınırdılar.

Henry Sotheran adlı bir kitabçı onlardan tayı-bərabəri olmayan bir kitab hazırlamaq sifarişi vermişdi. O demişdi ki, kitabın neçəyə başa gələcəyi heç də mühüm deyil. Dünyanın ən möhtəşəm kitabını hazırlayacaq iki cildçiyə açıq çek verilmişdi.

Birinci dünya müharibəsinin ərəfəsi olan illərdə restoranlara, diş məcunlarına, oyun kartlarına belə Ömər Xəyyam adı qoyurdular.

İki illik məşəqqətli zəhmətdən sonra hasilə gəlmiş kitabda Ömər Xəyyamın rübailərinə rəssam Elihu Vedderin illüstrasiyaları yoldaşlıq edirdi.

Hər bir rübainin qarşısında onun ingiliscə sətri tərcüməsi və açımı verilmişdi.

Kitab həm "Böyük Ömər", həm də "Möhtəşəm kitab" adları ilə tanınırdı.

Kitabın üz qabığında üç tovuz quşunun nəfis şəkli vardı. Arxa qabığda isə yunan musiqi aləti buzukinin rəsmi çəkilmişdi.

Bu hələ harasıydı? Kitabın cildi mindən çox yaqut və zümrüdlə, beş min parça dəri, gümüş, fil sümüyü, ebonit və 600 vərəq qızılla bəzənmişdi.

"Böyük Ömər"

Sotheran kitabçısı bu kitabı New York-a göndərmək istəyirdi. Amma Amerika gömrüyündə onun üçün çox böyük rüsum istəndiyindən kitab İngiltərəyə qayıtmışdı.

Elə bu arada Gabriel Wells bir auksionda bu kitabı 450 funt sterlinqə almışdı, halbuki onun aşağı qiyməti olaraq 1000 funt təyin edilmişdi.

Wells də kitabı Amerikaya göndərmək istəyirdi, lakin üz tutduğu gəmi onu götürməkdən imtina etmişdi.

Rübailərin bir çox versiyası çap olunmuşdu. Onlardan birində Edmund Dulac-ın illüstrasiyalarından istifadə edilmişdi

Yalnız bundan sonra kitab Titanik gəmisinə verilmişdi... Amma kıtabın acı hekayəti Titanik gəmisinin batması ilə sona çatmadı. Qəzadan bir neçə həftə sonra kitabı hazırlayan cildçilərdən biri - Sanqorski suda boğularaq ölmüşdü.

Digər cildçinin - Sutcliffe-in bacısı oğlu Stanley Bray isə kitabın və "Böyük Ömər"in dirildilməsinə qərar vermişdi.

O, Sanqorskinin eskizindən istifadə edərək 6 illik zəhmətdən sonra kitabın yeni bir nüsxəsini hasilə gətirmişdi. Bu kitab saxlanmaq üçün bir banka verilmişdi.

Lakin İkinci Dünya Müharibəsi zamanı nasistlərin Londonu bombardman etməsi nəticəsində bu kitab da param-parça olmuşdu.

Amma Bray qollarını bir daha çirmələyərək yeni bir nüsxənin hazırlanmasına başlamışdı.

O nəhayət üst-üstə 40 il çəkən işdən sonra hazır nüsxəni Britaniya kitabxanasına vermişdi.

Daha doğrusu Bray-in ölümündən sonra bu nadir kitab onun vəsiyyəti ilə kitabxanaya bağışlanmışdı. Kitab bu gün də oradadır.

Bray dünyasını dəyişməzdən az əvvəl demişdi: "Mənim kafir inanclarım yoxdur, amma tovuz quşunun fəlakət simvolu olduğunu eşitmişdim".

Yazıçı GK Chestertona görə Rübailər "bu günün qədrini bil" fəlsəfəsini təlqin edir

Ömər Xəyyam kimdir?

İndi görək Ömər Xəyyamın Rübailəri nəyi ifadə edirdi ki, Sotheran kitabçısı və saysız sayda insan ona bu qədər heyran kəsilmişdi?

Ömər Xəyyam 11-ci əsrdə İranın şərqində yaşamış bir münəccim və riyaziyyatçı idi. İbn Sina və bir çox başqa şərqli alimlər kimi o həm də şair idi. Amma başqa alimlərdən fərqli olaraq onun şeirləri ədəbiyyat taxtında möhkəm otura bilmişdi.

Xəyyamın ən maraqlı cəhətlərindən biri də o idi ki, şair başqalarının üzərində düşünmədiyi inanc, o biri dünya, həyatın nə olduğunu başa düşməyə çalışırdı.

Onun dinin vəd etdiklərinə inamı yox idi və buna görə də cənnət və cəhənnəmi və hətta Allahın məntiqini sorğu-suala çəkirdi.