Tbilisi Şəhər Məhkəməsi “Qazprom”un nümayəndəsini ifadə verməyə çağırıb


Dünya 01 Fev 2018 19:17:34 243 0

Tbilisi Şəhər Məhkəməsi “Qazprom”un nümayəndəsini ifadə verməyə çağırıb

Milli Hərəkat Partiyası Gürcüstan hökumətinin “Qazprom”la müqaviləsinin gizli detallarının açıqlanmasını tələb edir

Tbilisi Şəhər Məhkəməsi Gürcüstanın Milli Hərəkat Partiyasının (MHP) tələbi əsasında “Qazprom”un nümayəndəsini məhkəməyə dəvət edib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında MHP-nin Gürcüstan parlamentindəki fraksiyasının sədri Roman Qoçiridze bildirib.

Onun sözlərinə görə, Milli Hərəkat Partiyası Gürcüstan hökumətinin “Qazprom”la müqaviləsinin gizli detallarının açıqlanması tələbi ilə Tbilisi Şəhər Məhkəməsinə müraciət etmişdi: “Görünməmiş hadisədir ki, məhkəmə bizim tələbimizi qəbul edib və “Qazprom” nümayəndəsini açıqlama vermək üçün məhkəməyə çağırıb”.

R.Qoçiridze qeyd edib ki, fraksiya həmçinin müqavilənin şərtlərinin öyrənilməsi məqsədilə müvəqqəti parlament komissiyasının yaradılmasını da təklif edib.

Məlumat üçün bildirək ki, Gürcüstan Rusiya qazının Ermənistana nəqli üçün ümumi həcmin 10 faizi həcmində təbii qaz alırdı. Keçən ilin sonlarında imzalanmış və 2018-ci ilin əvvəlində qüvvəyə minmiş yeni iki illik müqaviləyə əsasən, Gürcüstan təbii qazın nəqlinə görə nağd pul alacaq. Bundan başqa müqavilənin detalları barədə ictimaiyyətə heç bir məlumat verilməyib.