Jiru: "Adatasiyanı tez keçəcəyimə ümid edirəm" - MÜSAHİBƏ


İdman 01 Fev 2018 16:16:00 263 0

Jiru: "Adatasiyanı tez keçəcəyimə ümid edirəm" - MÜSAHİBƏ

"Arsenal"dan "Chelsea" klubuna keçən Olivye Jiru "zadəganlar"ın futbolçusu kimi ilk müsahibəsini verib. Goal.az fransalı hücumçunun müsahibəsini təqdim edir.

- Belə görünür ki, Londonu sevirsən. Artıq şəhərin başqa hissəsini kəşf edəcəksən...

- Bəli, Londonu sevirəm. Amma ən çox sevdiyim Premyer Liqadır.

- "Chelsea"yə meydanda hansı faydanı verə bilərsən?

- Topu özümdə saxlamaq, qapı önündə effektiv oyun. Həmçinin, komanda ruhu. Psixoloji hazırlığım da yaxşıdır. Mövsüm ərzində çətinliklərdən keçməli olursan, amma güclü qalmaq lazımdır. Komandaya bu işdə kömək edəcəm.

- Hündürboy futbolçu olsan da, İngiltərədə müxtəlif tipdə qollar vurmusan...

- Rəqibin qapısı önündə ən effektiv qərarı verməyə çalışıram. Top sağ ayağımda olanda onu sola keçirməyə çalışmıram. Sağla zərbə endirmək daha əlverişlidirsə, bunu da edəcəm. "Əqrəb zərbəsi" vurmaq imkanı varsa, deməli, bundan istifadə edəcəm. Düzü, cərimə meydançasında düşünməyə çox vaxt olmur. Bir çox qolları topa ilk toxunuşda vurmaq lazımdır. Çünki fərqlənmək üçün topa birinci çatmalısan.

- Son bir neçə ildə "Chelsea"yə qarşı oyunlardan hansı təcrübəni qazanmısan?

- Bu oyunlar həmişə çətin keçib. Deməliyəm ki, son 2 ildə bərabər mübarizə müşahidə olunurdu.

- Yenidən Çempionlar Liqasında oynamaq imkanı qazandın. "Chelsea"ni 1/8 finalda "Barcelona" ilə oyunlar gözləyir.

- Futbolçu üçün Çempionlar Liqası böyük turnirdir. "Barcelona" ilə 2 gözəl oyun olacaq. Onların gücünü bilirik. Yolumuza davam etmək üçün bütün imkanlarımızı səfərbər etməliyik.

- "Chelsea"də bir neçə fransız futbolçu çıxış edir. Heyətdən şəxsi tanıdığınız kimsə var?

- Nqolo Kante və Temue Bakayokonu milli komandadan tanıyıram. Onlar yaxşı oğlanlardır. Eden Hazard, David Luizi də tanıyıram. Azpilikuetaya qarşı çox oynamışam. Burda fransızca danışa bilənlər çoxdur. Tibo Kurtua kimi. Onların sayəsində adatasiyanı tez keçəcəyimə ümid edirəm.

- "Chelsea"də əsas məqsədin nədir?

- Hədəfim bəzi titulları qazanmaqdır. Futbolu buna görə oynayıram. Məqsədə çatmaq üçün bacardığım qədər çox qol vurmaq istəyirəm.