"Mars İrlandiya şirkətinin məhsulları Azərbaycana idxal edilməyib"


Digərləri 01 Fev 2018 10:53:00 356 0

"Mars İrlandiya şirkətinin məhsulları Azərbaycana idxal edilməyib"

Salmonella bakteriyasının tapıldığı güman edilən və satışdan götürülən Mars İrlandiya şirkətinə məxsus "Galaxy Smooth Milk" və "Maltesers Fun Size" məhsulları Azərbaycana idxal edilməyib, bu səbəbdən də narahatlığa əsas yoxdur.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, beynəlxalq mediada yayılan xəbərlərə əsasən, Birləşmiş Krallıqda Mars İrlandiya şirkətinə məxsus "Galaxy Smooth Milk" və "Maltesers Fun Size" məhsulları salmonella bakteriyasının daşıyıcısı şübhəsi ilə geri çağırılıb.

Birləşmiş Krallıq Mars İrlandiyaya məxsus "Galaxy Smooth Milk" və "Maltesers Fun Size" adlı məhsulların satışını təşkil etmiş bütün məntəqələrdən geri götürülməsi ilə əlaqədar qərar qəbul edib. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi yaranmış vəziyyətlə əlaqədar Dövlət Gömrük Komitəsi, Səhiyyə Nazirliyi Respublika Sanitariya-Karantin Müfəttişliyi və Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti ilə birlikdə ölkəyə Mars İrlandiya şirkətinə məxsus "Galaxy Smooth Milk" və "Maltesers Fun Size" məhsullarının hansı çeşiddə və sayda idxal olması ilə bağlı araşdırmalara başlayıb. Səhiyyə Nazirliyi Respublika Sanitariya-Karantin Müfəttişliyindən Qida Təhlükəsizliyi Agentliyinə verilən məlumata görə, bu qida məhsulları qurumda qeydiyyata alınmayıb.

Qeyd olunur ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən Agentliyə verilən məlumata görə, 2017-ci il ərzində adı çəkilən şirkətə məxsus olan hər hansı yükün, o cümlədən "Galaxy Smooth Milk" və "Maltesers Fun Size" məhsulların idxalı ilə bağlı quruma heç bir müraciət daxil olmayıb və idxala rəy verilməyib.