Folklor: ömrü az, qabağı yaz olan kiçik çillə FOTO


Digərləri 31 Yan 2018 22:46:00 292 0

Folklor: ömrü az, qabağı yaz olan kiçik çillə  FOTO

Kəskin kontinental iqlimə malik olan Naxçıvanda qış nə dərəcədə sərt keçsə də, tarixboyu bu qədim diyarın sakinləri onun gəlişini bayram kimi qarşılayır, bununla bağlı müxtəlif adətlərə, inam və mərasimlərə əməl edirlər. Maraqlıdır ki, ancaq qışın və yazın qarşılanması təntənə ilə keçirilir. Başqa sözlə desək, xalqımız qışı xoş qarşıladığı kimi, təntənəli şəkildə də yola salır. Vaxtilə qış əyləncə, nağıl, aşıq məclisləri, qadınların toxuculuq işləri ilə də yadda qalardı. İnsanlar bütün yorğunluqlarını qış mövsümündə atardılar. Qış görüləcək işlərin az olması səbəbindən həm də bir istirahət və əyləncə mövsümü idi.

Son.az bildirir ki, AZƏRTAC-ın bölgə müxbiri qış mövsümünün və kiçik çillənin folklorumuzda necə əks olunduğu barədə AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucovun fikirlərini öyrənib.

Asəf Orucov deyir ki, xalqımız qış dövrünü xalq təqviminə uyğun olaraq "çillə" adı ilə üç yerə bölüb. Çillə "çehil" sözündəndir, mənası "qırx" deməkdir. Böyük çillə 40 gün (21 dekabr-30 yanvar), kiçik çillə 20 gün (31 yanvar-19 fevral), ala çillə və ya ala çolpav (boz ay da deyilir) isə bir ay (20 fevral-20 mart) olur. El arasında bu üç çilləni üç bacı, daha çox böyük və kiçik çillələrlə bağlı olaraq böyük və kiçik bacı adlandırırlar. El-oba arasında bu iki bacı haqqında deyilmiş bir söyləmə var.

Müsahibimiz bununla bağlı rəvayət də danışaraq deyir: "Böyük çillə ömrünü başa vurub geri qayıdanda kiçik çillə ilə qarşılaşır. Kiçik çillə böyük çillədən soruşur: "Nə etdin?". Böyük çillə cavab verir: "Tayaları yarıladım, qovurma küpəsinin başını endirdim, qalaqları sökdürdüm". Kiçik çillə deyir: "Mən gedib unluqları, ot tayalarını yox edəcəyəm, qalaqları yandırıb göyə sovuracağam, gəlinlərin əlini xəmir təknəsində donduracağam". Böyük çillə deyir: "Heç nə edə bilməyəcəksən, çünki ömrün azdır, qabağın yazdır".

AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdirinin sözlərinə görə, xalq arasında iki çillənin bir-birini əvəz etməsi "təhvil-təslim dövrü" adlanır. Ordubad və Culfa bölgələrində əhali qışın ən qorxulu dövrünü "cahar-cahar" adlanan dövr hesab edir ki, bu da dörd gün böyük çillədən, dörd gün isə kiçik çillədən götürülür. Xalq meteorologiyasına görə, böyük çillənin son, kiçik çillənin isə ilk dörd günləri qışın ən sərt günləridir. Culfa bölgəsindən topladığımız etnoqrafik çöl materiallarına görə, bu bölgədə böyük çillə qurtarıb, yerini kiçik çilləyə verdiyi dövrdə ("cahar-cahar" adlanan dövr nəzərdə tutulur) "Çillə kəsdi" oyunu və ya şənliyi keçirilərmiş. Oyun zamanı qardan heyvan fiqurları düzəldib, onun ətrafına yığışar, şənlik edərdilər. Məqsəd qışdan qorxmamaq, qışa sinə gərməkdir.

Folklorşünas Bəhlul Abdullayev yazır: insanlar bir müsibət, bəla ilə üzləşdikdə ondan xilas olmaq, yaxa qurtarmaq üçün xüsusi ayin icra edərdilər ki, elə bu da "çillə kəsmək" adlanırdı. Kiçik çillə daha çox şaxtalı keçdiyinə görə bu müddətə "qışın oğlan çağı" da deyilir. Kiçik çillənin şaxtalı, boranlı olmasını "kiçik çillənin soyuğu, təndirə qatar toyuğu" və ya "kiçik qardaş xovlu olar" kimi el deyimlərində də görürük.

Kiçik çillə vay çillə,

Qarlı dumanlı çillə,

Gəbə, kilim toxuduq,

Cəhrəmizdə var çillə.


Xəbərə aid fotolar