Göyöskürəyə yoluxan xəstə bir müddət təcrid olunmalıdır


Digərləri 31 Yan 2018 22:34:00 268 0

Göyöskürəyə yoluxan xəstə bir müddət təcrid olunmalıdır

Bəzi infeksion xəstəliklər fəsillə əlaqədar olaraq baş qaldırır və uşaq həyatı üçün ciddi təhlükə mənbəyi hesab olunur. Həmin ağır infeksion xəstəliklərdən biri də göyöskürək sayılır. Göyöskürək hava-damcı yolu ilə ötürülən, uzun müddət sürən siklik gedişi və spazmatik tutmalar şəklində xarakterizə olunan kəskin infeksion xəstəlikdir. Hər il dünyada 60 milyon nəfər göyöskürəyə tutulur və 600 min nəfər həyatını itirir.

Son.az bildirir ki, Kliniki Tibbi Mərkəzin həkim-infeksionisti Aynur Məmmədova AZƏRTAC-a verdiyi məlumata görə, infeksiyanın mənbəyi xəstə insandır və onlar çox güman ki, inkubasiya dövrünün sonundan, daha çox isə prodromal dövrdə və spazmatik dövrün əvvəlində yoluxucu olurlar. Yoluxduruculuğun dərəcəsi öskürəyin intensivliyi və infeksiyalaşmış seliyin ətrafa yayılmasından asılıdır. Tək-tək öskürən silinmiş formalı xəstəlik də göyöskürəyin yayılmasında mühüm rol oynayır.

Yoluxma xəstə ilə yaxından və uzunmüddətli təmas nəticəsində baş verir, törədici xarici mühitdə davamsız olduğuna görə infeksiya qonşu otaqlara, palatalara və mərtəbələrə yayılmır.

Həkim-infeksionist deyib: "Xəstəliyə ən çox 5-7 yaşa qədər uşaqlar tutulur. Payız-qış aylarında xəstəliyin artması və davamlı olaraq hər 3-4 ildən bir təkrarlanması müşahidə edilir. Göyöskürəyə əsasən 1 yaşına qədər uşaqlarda təsadüf edilir. Xəstələnmədən sonra davamlı immunitet yaranır və təkrar xəstələnməyə az təsadüf olunur.

İnkubasiya dövrü 5-20 gün arası, çox vaxt 10-12 gün davam edir. Prodromal dövr 7-14 gündür. Peyvənd almış yuxarı yaşlı uşaqlarda həmin dövr uzana bilər. Xəstəliyin başlanğıc dövrünün əsas əlamətləri kəskin respirator virus infeksiyasının öskürəyinə oxşar öskürəkdir. Öskürək adətən quru, çox vaxt gecə və ya yatmazdan qabaq olur. Bədən temperaturu normal və ya bir neçə gün subfebril olur. Öskürək tədricən artır, getdikcə davamlı və tutmaşəkilli xarakter alır.

Spazmatik dövrdə tutmaşəkilli öskürək bir-birinin ardınca olan nəfəsvermə təkanları ilə xarakterizə edilir və səsli, nəfəsvermə-reprizlə əvəz olunur. Öskürək tutması zamanı uşağın üzü gərginləşir, əvvəlcə qaşüstü qövslərdə, sonra bütün üzdə hipermiya meydana çıxır, üzün, ağızın selikli qişasının sianozu da ola bilər. Öskürək tutması qatı şəffaf bəlğəmin xaric olması və ya qusma ilə nəticələnir, lakin qusma xəstələrin heç də hamısında olmur. Öskürək tutması gün ərzində 5 dəfədən 40-50 dəfəyə qədər təkrarlana bilər, çox vaxt yuxuda baş verir, təmiz havada isə azalır. Yuxarı yaşlı uşaqlar çox vaxt tutmaların yaxınlaşmasını hiss edəndə udlaqda göynəmə, qaşınma hiss yaranır. Bəzən öskürək tutmaları zamanı sklerada qansızma və burundan qanaxma olur. Öskürək tutmaları getdikcə artır və spazmatik dövrün ikinci həftəsində maksimuma çatır.