Boks üzrə Azərbaycan çempionatında qalmaqal VİDEO


Digərləri 31 Yan 2018 19:37:00 259 0

Boks üzrə Azərbaycan çempionatında qalmaqal  VİDEO

Boks üzrə Azərbaycan çempionatında 64 kq çəki dərəcəsində Elməddin İsmayılovla İxtiyar Qazıbəyov arasında keçirilmiş 1/4 final görüşünün nəticəsi ləğv olunub.

Son.az xəbər verir ki, bu barədə report-a İsmayılovun özü məlumat verib.

Elməddin İsmayılov bildirib ki, Qazıbəyova qalib gəlsə də, ertəsi gün qərar dəyişdirilib. Halbuki, qarşılaşmadan sonra rinq hakimi onun əlini havaya qaldırıb. Ertəsi gün gənc boksçu Elvin İsayevlə yarımfinal döyüşünə gəldiyi vaxt ona növbəti mərhələyə Qazıbəyovun yüksəldiyi deyilib.

Bundan narazı qalan İsmayılov haqsızlıqla üzləşdiyini iddia edib: "Mən əslən Xocalıdanam. Kasıb ailədə böyümüşük. İxtiyar Qazıbəyovun əmisi Eldar Qazıbəyov isə polis rəisidir. Belə ədalətsizlik olmaz. Hamının gözü qarşısında qalib olsam da, "torbamı tikdilər". Şikayət etdik, amma xeyri olmadı".

Öz növbəsində, Azərbaycan Boks Federasiyasının baş katibi Nağı Səfərov qalibin adının ertəsi gün dəyişdirilməsində qeyri-adi bir şey olmadığını bildirib. Onun sözlərinə görə, Beynəlxalq Boks Federasiyasının (AİBA) yeni qaydalarına əsasən, 1/4 final görüşündən sonra Qazıbəyov etiraz məktubu yazıb. Ertəsi gün isə mütəxəssislər görüntülərə baxaraq hakimin qərarını dəyişdiriblər: "Bu, Azərbaycan çempionatında ilk belə hal deyil. Daha 3 döyüşün nəticəsi dəyişdirilib. O cümlədən Qazıbəyovun yarımfinalda Elvin İsayevlə keçirdiyi görüşdən sonra bu cür hal yaşandı. İsayevin etirazına baxıldı və o, qalib elan olundu. Bu gün isə Elvin ölkə çempionu adını qazandı. Bütün etirazlara 1/4 final döyüşlərinin ertəsi günü baxıldı. Sadəcə, İsmayılov və Qazıbəyova deyildi ki, gözləsinlər, kim qalib gəlsə, o, yarımfinal döyüşü üçün tərəziyə çıxsın. Məhz buna görə hər ikisi çağırılmışdı".