12 mindən çox məcburi köçkünə yeni mənzil verilib


Digərləri 31 Yan 2018 17:43:00 418 0

12 mindən çox məcburi köçkünə yeni mənzil verilib

2017-ci ildə 2300 ailə - 12 mindən çox məcburi köçkünün yeni evlərlə, mənzillərlə təmin olunub.

Bakı. Elçin Mehdiyev - 2017-ci ildə 2300 ailə - 12 mindən çox məcburi köçkün yeni evlərlə, mənzillərlə təmin olunub. Trend-in məlumatına görə, bunu Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Dövlət Komitəsində ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş tərkibdə kollegiya iclasında deyib. Ümumilikdə götürdükdə, ötən ilin Azərbaycan üçün çox böyük tarixi əhəmiyyət kəsb edən hadisələrlə yadda qaldığını, eləcə də bu dövr ərzində ölkəmizin ən həssas təbəqəsi olan qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm əhəmiyyət kəsb edən fərman və sərəncamlar imzalandığını deyən Ə.Həsənov xüsusilə Prezidentin Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpasına və perspektiv inkişafına yönələn müvafiq sərəncamlarını, dövlət başçısının kəndin bərpasından sonra burada görülən işlərlə tanış olmaq məqsədilə bu əraziyə səfərini, bu səfərdən sonra kəndin bərpasının davam etdirilməsi ilə bağlı imzaladığı növbəti Sərəncamın olduqca böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.