Penitensiar Xidmətin keçmiş qarovul rəisi müğənni Fədayə Laçınla üzləşdirildi


Digərləri 31 Yan 2018 17:01:00 219 0

Penitensiar Xidmətin keçmiş qarovul rəisi müğənni Fədayə Laçınla üzləşdirildi

Vəkil xüsusi təyinatlı vaqondan qaçan məhbuslara görə saxlanılan Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin qarovul rəisi Ceyhun Səmədovla görüşüb.

Son.az xəbər verir ki, vəkil Vilayət Nadirov APA-ya açıqlamasında qeyd edib ki, C. Səmədovun səhhəti normaldır və saxlanılma şəraitindən narazı deyil. O bildirib ki, C. Səmədovla bağlı istintaq yaxın müddətdə yekunlaşdırılaraq məhkəməyə göndərilə bilər.

Vəkil onu da deyib ki, C. Səmədov əvvəllər aparılmış istintaq hərəkətləri ilə bağlı iş üzrə həbsdə olan müğənni Fədayə Laçınla üzləşdirilib.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə təqsirli bilinən C. Səmədov barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Xatırladaq ki, oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, hal-hazırda Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.