Ançelotti: "İtaliya futbolunda məsələ aydınlaşandan sonra danışıqlara başlamaq olar"


İdman 31 Yan 2018 17:07:00 311 0

Ançelotti: "İtaliya futbolunda məsələ aydınlaşandan sonra danışıqlara başlamaq olar"

"Bayern Munich"lə yolları ayrılandan sonra Karlo Ançelotti bir sıra təkliflər alsa da, işində meydana çıxan fasiləni yarıda kəsməyə tələsmir. Goal.az xəbr verir ki, təcrübəli mütəxəsis "Corriere dello Sport"a açıqlamasında gələcəyi və Çempionlar Liqası barədə sualları cavablandırıb.

"Millinin baş məşqçisi olmaq? Cavabım budur ki, İtaliya Futbol federasiyası Milli Olimpiya Komitəsinin köməyi ilə yeni strukturunu formalaşdırmalıdır. Bundan sonra onlar qərar verəcəklər. İlk növbədə hər şey aydınlaşmalı, daha sonra danışıqlar başlanmalıdır. Həm də klubda işləmək istəyirəm. Hansı klubda, dəqiq bilmirəm. Bir neçə ay gözləmək lazımdır. Çempionlar Liqasında pley-off mərhələsi başlanır. Ötən illərlə müqayisədə bu turnirdə qalib gəlmək çətinləşib. Komandalar təkmilləşib, bunun nəticəsində finala çıxmaq üçün namizədlər artıb. Əvvəllər 4-5 favorit vardı : İspaniyanın 2 nəhəngi, "Manchester United", "Bayern Munich". Təzəlikcə bu sıraya "Juventus" da daxil oldu. İndisə İngiltərənin 2-3 klubu və Paris Saint Germain`i də favorit kimi göstərmək olar. 1/8 finalda PSG - "Real" qarşılaşması turnirin nə qədər çətinləşdiyini göstərir. "Manchester City" baxımlı oynayır və yaxşı heyətə malikdir. Tutaq ki, bu komanda Çempionlar Liqasında favoritdir. Onlar "Manchester United"dən güclüdür? Texniki baxımdan indi belədir. "United" Montellanın rəqabətədavamlı komanda etməyə çalışdığı "Sevilla" ilə qarşılaşacaq. Buna görə ehtiyatlı olmalıdır. "Porto" - "Liverpool" duelində ingilislər 2 şeyə görə üstündür. Əvvəla, iki oyuna görə daha mübariz kollektivdir. İkincisi, onlar Məhəmməd Salah kimi qeyri-adi futbolçu transfer ediblər.

"Real" - PSG Madrid klubunu şanssız görmürəm. Onların böhran keçirdiyini düşünmək çətindir. "Valencia" ilə oyunda futbolçuların müsbət reaksiyasını gördüm. Ola bilsin, hər şeyi qazanandan sonra futbolçularda azacıq arxayınçılıq meydana gəldi. Bəzən bunun qarşısını almaq olmur. Çempionlar Liqası "Real"ın ümidini bağladığı son turnirdir. Zidanın komandasına qarşı çox ehtiyatlı olmaq lazımdır. "Real" PSG səddini keçsə, onları dayandırmaq çətin olacaq. "Kral klubu"nda Ronaldo kimi heç vaxt məğlub olmaq istəməyən futbolçu var. PSG-nin heyətində Neymar, Mbappe kimi futbolçular çıxış edir. Ötən ilə nisbətən komandanın təcrübəsi artıb. Geridə qalan ildə, az qala, "Barcelona"nı mübarizədən kənarlaşdıracaqdılar. Sonda nə olduğunu bilirik. Hər halda turnirdə PSG və "Real" qarşılaşmasını belə erkən izləmək biraz təəssüf doğurur".

58 yaşlı mütəxəsis yetirməsi Qattuzonun "Milan"dakı işindən razılığını da bildirib.

"Qattuzoya görə şadam. Onun ruhunu, xarakterini və əzmkarlığını futbolçulara ötürəcəyinə heç vaxt şübhə etməmişəm. Komandanın yerində olsaydım, Rino (red. Qattuzonun ləqəbi) ilə baş-başa gəlməzdim".