Azərbaycan məhsulları güzəştli şərtlərlə Avropa bazarlarına çıxa bilər


İqtisadiyyat 31 Yan 2018 15:00:16 304 0

Azərbaycan məhsulları güzəştli şərtlərlə Avropa bazarlarına çıxa bilər

Bu məsələ Azərbaycanın iqtisadiyyat nazirinin Avropa Komissiyasından olan nümayəndə heyəti ilə görüşündü müzakirə edilib

İqtisadiyyat naziri Şahin Mustafayev Avropa Komissiyasının nəqliyyat və mobillik üzrə baş direktoru Henrik Hololeyin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. 

Bu barədə “Report”a İqtisadiyyat Nazirliyindən bildirilib. 

Məlumata görə, görüşdə nazir deyib ki, Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında Tərəfdaşlıq və Əməkdaşlıq, Şərq Tərəfdaşlığı Təşəbbüsü, Viza və Readmissiya haqqında sazişlər imzalanıb, Avropa Qonşuluq Siyasəti çərçivəsində Fəaliyyət Planı təsdiq edilib: “Aİ Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. 2017-ci ilin 11 ayında Azərbaycanın xarici ticarətində Aİ ölkələrinin payı 41% təşkil edib. Aİ ölkələri 2012-ci ildən Azərbaycana təqribən 15 mlrd. ABŞ dolları məbləğində investisiya yatırıb. Azərbaycanda Aİ ölkələrinin 1 400-dən çox şirkəti fəaliyyət göstərir”.

Onun sözlərinə görə, Aİ-nın 24 üzv ölkəsi ilə Azərbaycan arasında ikiqat vergitutmanın aradan qaldırılması, 17-i ilə sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında sazişlər, 9 üzv ölkə ilə Strateji Tərəfdaşlıq Bəyannaməsi imzalanıb, 16 üzv dövlətlə Hökumətlərarası Komissiya və İşçi Qrupu fəaliyyət göstərir. 2012-ci ildən indiyədək Aİ ilə birgə 120-dən artıq tədbir, biznes forum keçirilib.

Nazir qeyd edib ki, Azərbaycan və Aİ enerji sahəsində uğurlu əməkdaşlıq edir və bu istiqamətdə Cənub Qaz Dəhlizi layihəsi xüsusilə önəmlidir. Azərbaycanın nəqliyyat infrastrukturunun yaxşılaşdırılması, rəsmi Bakının tranzit potensialı, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu layihələri barədə məlumat verən iqtisadiyyat naziri Azərbaycanın Aİ ilə nəqliyyat sahəsində əlaqələrinin genişləndirilməsində və bu istiqamətdə əməkdaşlığı enerji sahəsindəki əməkdaşlıq səviyyəsinə çatdırmaqda maraqlı olduğunu diqqətə çatdırıb.

Bildirilib ki, 2018-ci il fevralın əvvəlində Azərbaycan nümayəndə heyəti Çinə səfər edəcək və səfər zamanı Azərbaycanın tranzit imkanlarına dair təqdimat keçiriləcək. Bundan başqa, bu ilin martında Brüsseldə Aİ ilə keçiriləcək görüşlərdə Avropa Komissiyasının Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Komissarı ilə 2017-ci ildə Bakıda keçirilmiş görüşün nəticəsi olaraq müzakirələr davam etdiriləcək, Avropa İttifaqına üzv ölkələrin investisiyalarının Azərbaycana cəlb edilməsi və Azərbaycan məhsullarının güzəştli şərtlərlə Avropa bazarlarına daxil olması, nəqliyyat və yükdaşıma sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə ediləcək, beynəlxalq nəqliyyat layihələri təşviq olunacaq.

H.Hololey Azərbaycana səfər zamanı bir sıra görüşlər keçirildiyini diqqətə çatdırıb. O, 2011-ci ildəki səfərindən ötən müddət ərzində Azərbaycanın sürətlə inkişaf etdiyini, həyata keçirilən tədbirlərin qlobal çağırışlara tam cavab verdiyini qeyd edib. Artıq Azərbaycan Aİ ilə enerji sektoru ilə yanaşı, nəqliyyat sahəsində də uğurla əməkdaşlıq edir və bu sahədə təqdimatların keçirilməsi Azərbaycanın tranzit potensialının təşviqi, əlaqələrin inkişafı baxımından əhəmiyyətlidir.

Görüşdə həmçinin, Aİ-Azərbaycan Sazişi layihəsi və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.