Sakit okeanda göyərtəsində 80 sərnişinin olduğu bərənin axtarışı davam edir


Dünya 31 Yan 2018 11:43:46 309 0

Sakit okeanda göyərtəsində 80 sərnişinin olduğu bərənin axtarışı davam edir

Kiribati başçısı hadisə ilə bağlı yanvarın 31-də rəsmi açıqlama vermək niyyətindədir

Sakit okeanda itkin düşən bərənin göyərtəsində 80-dən çox adam olub.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə gəminin Kiribati adaları arasında hərəkət etdiyi Sakit okeandakı ada-dövlət Kiribatinin rəsmiləri məlumat veriblər.

Milli xilasetmə xidmətinin nümayəndəsi bərədə, təqribən, 80 sərnişin və 5 ekipaj üzvünün olduğunu söyləyib.

Qeyd edilib ki, Kiribati başçısı hadisə ilə bağlı yanvarın 31-də rəsmi açıqlama vermək niyyətindədir.

Xatırladaq ki, hadisə bu il yanvarın 18-də baş verib. "MV Butiraoi" bərəsi Nonouti adasından yola çıxıb və iki gün sonra təxminən 280 km şimal-qərbdə yerləşən Tarava adasına gəlməli idi. Ancaq bunun əvəzinə bərə ilə əlaqə itib.

Əvvəlcə axtarışla yalnız Fici səlahiyyətləri məşğul olub, yanvarın 27-də isə əməliyyata Yeni Zelandiyanın Xilasetmə Koordinasiya Mərkəzi (RCCNZ) qoşulub.

Yanvarın 28-də bərənin 7 sərnişini xilas edilib. Yeni Zelandiyanın patrul təyyarəsi okeanda içərisində insanların olduğu qayığı aşkarlayıb. Sağ qalanlar bərənin batdığını söyləyib. Özü də sərnişinlərin xilas olmaq üçün çox az vaxtı olub.

Hazırda bərənin digər sərnişinlərinin axtarışı davam etdirilir. Axtarışlar Yeni Zelandiya, Avstraliya və ABŞ qüvvələri tərəfindən aparılır.