Ruslan Qurbanov: "Lazımi yerdə ola bilmədim ki, fərqlənim"


İdman 31 Yan 2018 11:16:00 257 0

Ruslan Qurbanov: "Lazımi yerdə ola bilmədim ki, fərqlənim"

"Qələbə qazanmaq istəyimiz böyük idi. Qurban Qurbanova millidəki ilk oyunu da, hədiyyə etmək istəyirdik. Çünki Qurban müəllim buna layiqdir. Təəssüf ki, heç-heçə etdik".

Goal.az-ın məlumatına görə, bunu Azərbaycan millisinin futbolçusu Ruslan Qurbanov Türkiyənin Antalya bölgəsində Moldova yığması ilə qolsuz heç-heçə etdikləri yoldaşlıq görüşündən sonra deyib.

27 yaşlı hücumçu qol vəziyyətlərindən yararlana bilmədiklərini söyləyib: "Mənim də qol imkanlarım oldu. Lazımi anda lazımi yerdə ola bilmədim ki, fərqlənim. Ümumilikdə yaxşı oynadıq. Topa nəzarət etdik. Hardasa, səhvlərə yol verdik. Amma bu, futboldur. Hər yerdə səhv olur. Ən əsası, uduzmadıq. Təkcə siz jurnalistləri deyil, Azərbaycandan bizə tamaşa, azarkeşlik edənləri sevindirmək istəyirdik. Bu oyundan nəticələr çıxaracağıq. Qurban müəllim bizə gələcəkdə nəyi necə etməli olduğumuzu deyəcək".

"Qəbələ"nin forvardı Qurban Qurbanovla əvvəlki baş məşqçi Robert Prosineçkini fərqləndirmək istəməyib. Onun fikrincə, hər ikisi yüksək keyfiyyətli və peşəkar mütəxəssislərdir və hərəsinin öz fəlsəfəsi var: "Yalnız onu deyə bilərəm ki, həm Prosineçki ilə işləmək çox xoş idi, həm də indi Qurbanovla. Yeni baş məşqçimiz nəyi necə gördüyünü çatdırır. Biz isə 100 yox, 200 faiz istəklə tapşırıqlarını yerinə yetiririk".

R.Qurbanov UEFA Millətlər Liqasının püşkünün nəticələrini də dəyərləndirib: "İlk baxışdan bizim aşkar favorit olduğumuz görünə bilər. Amma indi hər bir yığma futbol oynamağı bacarır. Çox ciddi hazırlaşmaq, nəyimiz varsa, meydanda qoymalıyıq. İnanıram ki, nəticə müsbət, hər şey yaxşı olacaq. Millətlər Liqasına hazırlaşacağıq. Bu yarışda yüksək yer tutmalıyıq".

Qeyd edək ki, Azərbaycan yığması Millətlər Liqasında Malta, Farer adaları və Kosovo ilə eyni qrupa düşüb.