Obyektiv əsaslarda formalaşmış ictimai rəy xarici informasiya təhlükələrinə qarşı ən etibarlı müdafiə vasitəsidir


Siyasət 31 Yan 2018 07:14:00 313 0

Obyektiv əsaslarda formalaşmış ictimai rəy xarici informasiya təhlükələrinə qarşı ən etibarlı müdafiə vasitəsidir

"Belə hücumlarda ölkənin birinci şəxsinin hədəf kimi seçilməsi təsadüfi deyil"

Son zamanlar müxtəlif internet resurslarında, xüsusən də sosial şəbəkələrdə Azərbaycana qarşı aparılan qara piar kampaniyası daha da güclənib. Müxtəlif şəxslər və ya səhifələrdə ölkədə bir sıra hadisələri ya tam təhrif edərək, ya da böyük faciə, dəhşətli qanunsuzluq və s. həddədək şişirdərək ictimaiyyəti yalnış səmtə yönləndirməyə çalışırlar. Bu əsnada hətta Azərbaycan dövlətini, xalqını, onun prezidentini və digər rəsmi şəxsləri təhqir etməyə çalışırlar. Nəzərə alsaq ki, 2018-ci il Azərbaycanda həm prezident seçkilərinin keçiriləcəyi ildir, o zaman bu tendensiyanın haradan və niyə qaynaqlandığını anlamaq olur.

Bununla bağlı Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, siyasi elmlər doktoru, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu Son.az-a bildirib ki, postmodernist cəmiyyətlərdə informasiya və informasiya resursları xüsusi, əlahiddə vasitə kimi çıxış edir. Bu mənada sosial şəbəkələr və digər internet resursları ictimai-siyasi və sosial-iqtisadi həyatın bütün sahələrinə nüfuz etməyi bacarır. Bu isə internetdən yumşaq güc kimi istifadə edən müxtəlif güc mərkəzlərinin diqqətindən yayınmır.

Millət vəkilinin sözlərinə görə, belə mərkəzlər informasiyadan öz maraqları naminə ən müxtəlif formada yaralanmağa çalışırlar: "Təəssüf ki, bəzən informasiyanı silah kimi işlədənlər çox hallarda hüquqi, mənəvi, demokratik dəyərləri nəzərə almırlar və cəmiyyətin ümumi ictimai rəyini heçə sayırlar. Bir sıra hallarda isə qlobal informasiya vasitələri milli informasiya məkanına dezinformasiya və manipulyativ informasiya ixrac edən instituta çevrilirlər. Onların arxasında isə əlbəttə, konkret halda Azərbaycanı sevməyən qüvvələr dayanır. Beynəlxalq münasibətlər sistemində ölkəmizin gücünün daim artması, ölkəmizdə sabitiliyin və inkişafın davamlı olması, ordumuzun güclənməsi və erməni işğalı altında olan torpaqlarımızı azad etmək əzmində olması Azərbaycanın düşmənlərinin xoşuna gəlmir. Ona görə də vaxtaşırı milli birliyimizi və bərabərliyimizi pozmaq, inkişafımıza mane olacaq qeyri-sabitlik, qarşıdurma yaratmaq üçün uydurulmuş "məlumatlar"la milli informasiya məkanımıza hücümlür təşkil edirlər. Bu cür addımların, xüsusilə, siyasi  fəal illərdə daha da gücləndirilməsi son dövrlərdə bir ənənə halını alıbdır. Belə hücumlarda ölkənin birinci şəxsinin hədəf kimi seçilməsi də təsadüfi deyil".

Ancaq H.Babaoğlunun fikrincə, Azərbaycanda ictimai rəylə manipuliyasiya etmək o qədər də asan məsələ deyil: "Çünki hadisələrin sosial şəbəkələr üzərindən qeyri-obyektiv əsaslarda ictimai rəyə çatdırılması mexanizmi Azərbaycanda qəbul olunmur. Ona görə ki, bizim cəmiyyətimiz intellektual və siyasi savadlılıq baxımından kifayət qədər hazırlıqlıdır və doğrunu yalandan ayıra bilir, öz mili maraqlarını və təhkükəsiziliyini təhdid edən monipulyativ informasiyaları rədd edir. Düşünürəm ki, ölkəmizdə obyektiv əsaslarda formalaşmış ictimai rəy mövcuddur və bizim xarici informasiya təhlükələrinə qarşı ən etibarlı müdafiə vasitəmiz də elə budur".

İlkin İzzət

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində