Fiziki məhdudiyyət xoşbəxtlik üçün əngəl deyil VİDEO FOTO


Digərləri 31 Yan 2018 03:30:00 305 0

Fiziki məhdudiyyət xoşbəxtlik üçün əngəl deyil VİDEO  FOTO

Ötən il iyunun 19-da Gəncədəki şadlıq saraylarından birində keçirilən toy həmişəki kimi insanların qol qaldırıb oynadığı, sevindiyi və təbriklər söylədiyi ənənəvi çal-çağırlı toylardan fərqlənirdi. Toyu fərqli edən səbəb isə bəylə gəlinin - Namazla Fatimənin uşaqlıqdan inkişaf zəifliyi xəstəliyinin daşıyıcısı olması idi.

Son.az bildirir ki, AZƏRTAC-ın bölgə müxbiri gənc ailənin qonağı olub, onların qayğıları ilə maraqlanıb.

Namaz çox sevincli görünürdü. Həkimlər ona bir neçə aydan sonra ata olacağının müjdəsini vermişdilər. Həm Namazı, həm də Fatiməni daha çox xoşbəxt edən isə həkimlərin onlara övladlarının tam sağlam olacağı barədə verdiyi xəbər idi.

Uşaqlıqdan inkişaf zəifliyindən əziyyət çəkən Namaz bir neçə dəfə əməliyyat da olunub. Valideynlərinin onu sağlam görmək istəyi və buna görə xarici ölkələrdə aldığı intensiv müalicələr isə heç bir nəticə verməyib. Bu səbəbdən uzun müddət xarici ölkələrin xəstəxanalarında olan Namaz nəinki tam təhsil ala bilməyib, hətta bir müddət doğma ana dilində danışmaqda belə çətinlik çəkib.

Lakin heç bir məhdudiyyət onu ruhdan salmayıb, məqsədindən uzaqlaşdıra bilməyib. Həkimlərin ciddi qadağasına baxmayaraq o, valideynlərindən xəbərsiz idmanın ağırlıqqaldırma növü ilə məşğul olmağa başlayıb. Namazın anası isə oğlunun idmanla məşğul olduğunu onun qazandığı ilk qələbəsindən sonra bilib. Bu illər ərzində Namaz dəfələrlə yerli və beynəlxalq əhəmiyyətli yarışlarda iştirak edib. Hər yarışdan uğurla qayıdan Namaz 2015-ci ildə sağlam idmançılar arasında Gürcüstanda keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatında iştirak edib və 251 kiloqram ümumi nəticə ilə birinci yerə layiq görülüb.

Uzun müddət iş axtaran Namaz ötən ay Gəncə "ASAN Xidmət" Mərkəzində könüllü kimi çalışmağa başlayıb.

"Mən həyatı olduğu kimi qəbul etdim. Çətinliklə mübarizə aparmağın və qalib gəlməyin yolunu öyrəndim. Hər kəsin fərqinə varmadan əldə etdiklərini mən çox böyük çətinliklərlə, mübarizə ilə qazandım. İndi isə xoşbəxtəm. Bu gün ətrafımda məni sevən çoxlu insanlar var. Bir ay bundan qabaq Gəncə "ASAN xidmət"dən evimizə zəng gəldi, mənə onlarla birgə işləmək təklif olundu. Təklifi böyük sevinclə qarşıladım. Artıq hər gün işə gedib-gəlirəm. Gəncə "ASAN xidmət" Mərkəzinə müraciət edən insanlara yoldaşlarımla birgə mən də xidmət göstərirəm. Çox mehriban və səmimi kollektivimiz var. Hər gün insanlarla ünsiyyətdə olmaq, işləmək və cəmiyyət üçün faydalı olduğumu hiss etmək məni daha da xoşbəxt edir", - deyə Namaz Namazov bildirir.

Fatimə də uşaqlıqdan inkişaf zəifliyindən əziyyət çəkib. Övladı fiziki məhdudiyyətlə doğulduğu üçün doğma atası ailəni birdəfəlik tərk edib. Balaca Fatiməni böyütməkdə əziyyət çəkən anası isə onu uşaq evinə qoyub. Atan-ana nəvazişindən məhrum olan bu balaca qız bəlkə də əsl xoşbəxtliyini elə uşaq evində tapıb. Çünki uşaq evində işləyənlərdən biri Fatiməni görüb və ona atalıq qayğısı ilə yanaşıb. Lakin həmin şəxsin iki qız, bir oğlan övladının olması Fatimənin övladlığa verilməsində uşaq evinin müdiriyyətində tərəddüdlər yaradıb. Nəhayət, Fatimə 9 yaşında ikən həmin şəxs tərəfindən övladlığa götürülüb. Övladlığa götürüldüyü ailədə bacısı ilə eyni adda olsalar da, atası onun deyil, bacısının adının dəyişdirilməsinə qərar verib. Yeni valideynləri Fatimə ilə doğma övladları kimi rəftar edib, onun sağlamlığı üçün əllərindən gələni əsirgəməyiblər.


Xəbərə aid fotolar