Dağlıq Qarabağ münaqişəsi: 21ci əsrin ekoloji fəlakəti


Siyasət 31 Yan 2018 01:30:00 331 0

Dağlıq Qarabağ münaqişəsi: 21ci əsrin ekoloji fəlakəti

Son.az worldmedia.az-a istinadən yazını təqdim edir. 

The London Post, Böyük Britaniya

Ermənistanla Azərbaycan arasında davam edən Dağlıq Qarabağ münaqişəsi artıq 25 ildən çoxdur ki, dünyanın ən uzun, ən qanlı münaqişəsi kimi tanınır. Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və ətrafındakı 7 rayonun Ermənistan silahlı qüvvələrinin nəzarəti altına keçməsilə nəticələnib.

Tərəflərin mövqelərinin bir-birinə tam zidd olması münaqişənin sülh yolu ilə həllinə imkan vermir. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnaməyə baxmayaraq, Ermənistan ərazi bütövlüyü məsələsində beynəlxalq hüququn bütün prinsiplərini rədd edir. Xatırladaq ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrində Ermənistan hərbi birləşmələrinin Azərbaycanın işğal altındakı ərazilərindən dərhal, qeyd-şərtsiz, tamamilə çıxarılması tələb olunur.

Təxminən 25 ildir davam edən bu problem işğal olunmuş ərazilərdə, o cümlədən Azərbaycanın cəbhəyanı ərazilərində insan potensialının, ölkə iqtisadiyyatının, sənayesinin və kənd təsərrüfatının inkişafına ağır zərbə vurub. Qeyd edək ki, Azərbaycanın 5 qızıl yatağı da daxil olmaqla, minerallarla zəngin əraziləri də işğal altındadır. Məsələn, Kəlbəcərdə istismar edilən qızıl yataqları var. Hazırda bu yataqlar Ermənistan tərəfindən gəlir mənbəyi kimi istifadə edilir. Mineral resursların, qiymətli daşların olduğu yataqlar Ermənistan tərəfindən qeyri-qanuni olaraq istismar edilir və talan olunur.

Bununla yanaşı, işğal altındakı ərazilərdə əhalinin olmaması, istifadə edilməyən ərazilər gəmiricilər üçün yaxşı mühit yaradıb. Bu gəmiricilər Azərbaycanın cəbhəyanı bölgəsində yerləşən kəndlərə axın edir və burada kənd təsərrüfatının inkişafına təhlükə yaradır.

Hərbi əməliyyatların ətraf mühitə təsiri də dağıdıcı olub. Son illərdə işğal altındakı ərazilərdə və cəbhəyanı kəndlərdə ekoloji göstəricilər kifayət qədər pisləşib. Cəbhəyanı ərazilərə yaxın kəndlərin davamlı bombalanması, ərazilərin yandırılması, işğal olunmuş ərazidə yerləşən Sərsəng su anbarının təchizatının qarşısının alınması ekoloji fəlakətə gətirib çıxarıb. Onun miqyası günü-gündən daha da artıq.

Dağlıq Qarabağ regionunun ən böyük su anbarı olan Sərsəng su anbarı Azərbaycanın bu regionunun şimalında, Tərtər çayı üzərində yerləşir. O, hazırda Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Onun ümumi tutumu 560 milyon kubmetrdir. Sərsəng su anbarı işğala qədər Azərbaycanın 6 rayonunun (Tərtər, Bərdə, Ağdam, Goranboy, Yevlax və Ağcabədi) 100 min hektara yaxın torpaq sahəsini suvarma suyu ilə təmin edirdi. İndi isə o, işğalçının əlində silaha çevrilib. Belə ki, qışda buradan Tərtər çayına böyük miqdarda su axır. Bu, daşqınlar və dağıntılarla nəticələnir. Yayda, yəni əhalinin kənd təsərrüfatında işlərin görülməsi üçün suya ehtiyacı olduğu dövrdə (bu fəsildə Azərbaycanda hava çox isti olur) isə anbardan su təchizatının qarşısı alınır. Əlbəttə ki, təbiətə bu cür təsirlər torpağın strukturunun dəyişməsi, məhsuldarlığın azalması ilə nəticələnir. Bundan başqa, 1976-cı ildə tikilmiş Sərsəng su anbarına texniki nəzarət edilmədiyinə görə, onun bəndlərinin dağılma ehtimalı yüksəkdir. Bu, Azərbaycanın bir neçə regionunun su altında qalmasına səbəb ola bilər.

Su çatışmazlığı, həmçinin baş verən atışmalar cəbhənin hər iki tərəfində yerləşən kəndlərinin böyük ərazisinin suvarılmasına imkan vermir. Nəticədə torpaqda böyük çatlar yaranır, onun məhsuldar hissəsi məhv olur. Bu ərazilərdə bitkilərin olmaması da torpağın məhsuldarlığına mənfi təsir göstərir.

Bu arada işğal altındakı ərazilərin tez-tez yandırıldığı, bunun meşə massivlərinin məhv edilməsi məqsədilə həyata keçirildiyini də qeyd etmək lazımdır. Ağdam, Füzuli, Cəbrayil, Tərtər və Xocavənd rayonlarında yerləşən kəndlərin yandırıldığı müşahidə edilir. Bundan başqa, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın cəbhəyanı bölgədə yerləşən ərazilərinə hücumu nəticəsində də yanğınlar baş verib. Bu, yerli əhalinin əkdiyi məhsulun bir hissəsinin məhv olması ilə nəticələnib. Bu zaman alov ətrafa yayılır, yolunda olan bütün bitkiləri məhv edir və ətraf mühitə, o cümlədən təbiətə ciddi ziyan vurur. Əkinçiliyin cəbhəyanı ərazilərdə yaşayan bir çox insanlar üçün əsas gəlir mənbəyi olduğunu nəzərə alsaq, ərazilərin yandırılması insanların pul qazanmaq, ailəsini saxlamaq imkanlarını da məhv edir. Cəbhəyanı ərazilərin daim atəşə tutulması insanların həyatına təhlükə yaradır, onların burada kənd təsərrüfatı ilə məşğul olmasına imkan vermir.

Su mənbələrinin çirkləndirildiyini, zəhərləndiyini vurğulamaq da lazımdır. Artıq uzun illərdir ki, Ermənistan müntəzəm olaraq çirklənmiş suları regiondan axan çaylara tökür. Bu ölkənin ərazisində yerləşən Qacaran mis-molibden və Qafan mis-əritmə zavodlarının çirklənmiş suları Oxçuçay çayına axıdılır, nəticədə çay hövzəsi ölü zonaya çevrilir. Bu üzdən çayın mikroflora və faunası artıq tamamilə məhv edilib, çayın özü-özünü təmizləmə prosesi dayanıb.

Ermənistan bu əməllərilə yalnız başqa dövlətin ərazi bütövlüyünü pozmur, həm də işğala məruz qalmış ölkənin daşınan və daşınmaz əmlakının məhvini qadağan edən bir sıra konvensiya və qətnamələrin tələblərini pozur. Ermənistan BMT-nin Ətraf Mühit üzrə Proqramına qoşulmasına baxmayaraq, onun yürütdüyü siyasət qurumun ətraf mühit standartlarına ziddir.

Yerevan dünya birliyinin, müxtəlif assosiasiya və monitorinq missiyalarının uzun müddətdir davam edən Dağlıq Qarabağ münaqişəsi nəticəsində yaranmış ekoloji fəlakətin qarşısının alınması ilə bağlı çağırışlarına məhəl qoymur. Bundan başqa, bu ölkə ekspertlərin işğal altındakı ərazilərə baş çəkməsinə, gündən-günə genişlənən ekoloji fəlakətin miqyasını qiymətləndirməsinə də imkan vermir. Halbuki, bu problemin beynəlxalq səviyyədə daha geniş işıqlandırılmasına ehtiyac var. "Meşələrin idarə edilməsi, çölləşmə, torpaqların parçalanması və bu prosesin dayandırılması ilə mübarizə, bioloji müxtəlifliyin itirilməsinin qarşısının alınması" BMT tərəfindən davamlı inkişafının əsas prinsiplərindən sayılır. Odur ki, xüsusilə indi ekspertlərin və monitoriq qruplarının bu məsələyə cəlb edilməsi vacibdir.