Onlar olan evə mələk girməz: 1500 ilin mübahisəsi bitəcəkmi?


Digərləri 30 Yan 2018 22:22:00 360 0

Onlar olan evə mələk girməz: 1500 ilin mübahisəsi bitəcəkmi?

"Evdə it saxlanan zaman evə mələklər girə bilmirsə, onda iti olan evlərə ölüm mələyi necə girir? Bu doğru olsa, hər kəs evdə it saxlayar və ölüm mələyi evlərə girə bilməz"

Dünyada əksər insanlar heyvanları sevir və evlərində müxtəlif ev heyvanları, hətta bəzi vəhşi heyvanları belə saxlayırlar. İtlər isə xüsusi sevilən ev heyvanlarından biridir. Bir çox ölkələrdə insanlar, itləri hətta ailələrinin bir üzvü hesab edir.

Ancaq Azərbaycanda itlərin evdə saxlanmasına münasibət birmənalı deyil. Bəzi din xadimləri iddia edir ki, Quranda və hədislərdə itin evdə saxlanması günah kimi göstərilib. Onu da vurğulayırlar ki, it saxlanılan evlərə mələklər daxil olmaz. Bir qrup din adamı isə bu məsələdə başqa cür düşünür. Bildirirlər ki, iti incitmək olmaz, iti vuran, incidən insanlar hətta axirətdə belə cavab verməli olacaqlar.

Maraqlıdır, bu deyilənlər həqiqətə nə qədər uyğundur? İslam dinində itlərlə bağlı hansı qadağalar, məhdudiyyətlər mövcuddur?

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, dini ekspert Rəsul Mirhəşimli bildirib ki, İslam dinində insanların heyvan saxlamağına pis baxılmır, əksinə, insanlardan heyvanlarla mərhəmətli davranmaq tələb olunur: "Kimlərsə İslam dininin qaydalarına əməl etmir, yaxud dini inanclarla yaşamırsa, başqasının öz evində it, pişik və ya başqa heyvanları saxlamasına qarışa bilməz. Lakin ibadət edən şəxsin evdə it saxlaması ilə dinin qaydaları bir-birinə uyğun gəlmir".

R.Mirhəşimli onu da deyib ki, İslam dininin müqəddəs kitabı olan Qurani-Kərimdə evdə it saxlanılması ilə bağlı ayə yoxdur: "Quranda yalnız Əshabi-Kəhfin iti barədə söz açılır. Allahın Rəsulu (s) hədislərinin birində buyurur ki, "İt saxlayan kimsənin savabından hər gün bir az əksilir". Hədislərin birində də "it saxlanılan evə mələklər girməz" - deyə söz açılır. Lakin həyətdə it saxlamaq, ov itləri ilə ova getmək heç bir halda qadağan olunmur".

Ekspert itin murdar olması ilə bağlı fikirləri də şərh edib. Bildirib ki, bu, hər məzhəbin öz fiqh üsullarına görə dəyişir: "Bəzi məzhəblərə görə, əgər it namaz qılan insanın paltarına toxunarsa, həmin geyimdə namaz qılmaq olar. Ancaq itin ağzının suyu murdardır. Başqa bir məzhəbə görə isə itin rütubətli halda toxunduğu hər şey murdar olur. Eyni zamanda, həmin məzhəbi qaydalarda bildirilir ki, itin tükü yapışmış paltarda namaz qılmaq batildir".

Teoloq Elşad Mirinin məsələyə münasibəti isə tamam fərqli olub. O, bildirib ki, bu məsələ ilə bağlı uydurma rəvayətlər var: "Rəvayətlərdə bildirirlər ki, qara itlər və şeytan öldürülməlidir. Amma konkret olaraq Qurani-Kərimdə belə bir hökm yoxdur. Qurani-Kərimdə "Kəf" surəsində gənclərdən bəhs olunur və onların yanında olan itdən danışılır".