Ailənin möhkəm olması üçün əməli tövsiyələr


Digərləri 30 Yan 2018 22:10:00 307 0

Ailənin möhkəm olması üçün əməli tövsiyələr

Bismilləhir-Rahmənir-Rahim!

Mübarək dinimizdə ən çox diqqət ayrılan və diqqət ayırılması tövsiyə edilən mövzu - ailə üzvlərinin qarşılıqlı münasibətləri və ailədə əxlaqdır. İnsan diqqət edəndə görür ki, bu mövzuda zaman-zaman ən sadə məsələlər belə, diqqətdən kənarda qala bilir. Həm kişilər, həm qadınlar, həm uşaqlar bu mövzularda çox zaman qəflət edir.

İnsan həyatında ən çox zədələnən və şeytanın (lən) da hədəfinə çevrilən ünvan - ailədir. Şeytanı (lən) ən çox narahat edən mübarək quruluş - ailədir.

Ailədaxili vəzifələr

Ailə haqqında mövzulara müxtəlif istiqamətlərdən toxunmaq olar. Ailə bir mübarək ocaqdır. Ailə - Allahın bəyəndiyi ən ali bir quruluşdur. Əgər insan bir seçim qarşısında qalsa ki, ailə qursun və ya qurmasın, Allah Təala onun ailə qurulmasını bəyənir.

Ailə qurulandan sonra ailənin başçısı mövzusu yaranır. Həyat yoldaşlarından məhz ailənin kişisi üzərinə ailənin başçısı olmaq kimi ağır məsuliyyət qoyulub. Simvolik deyil, elə-belə deyil, sözün hər mənasında kişi - ailənin başçısıdır. Bunu həm kişilər bilməlidirlər ki, ailənin başsıdırlar, həm də xanımlar bilməlidirlər ki, ailələrinin başçısı onların həyat yoldaşıdır.

Kişi öz məsuliyyətini tam həcmdə dərk etməlidir, xanımlar da başa düşməlidirlər ki, onların bir vəzifəsi də həyat yoldaşlarını ailə başçısı kimi qəbul etməkdir. Əgər bir xanım imanlı olmağa iddialıdır və həyat yoldaşını ailədə ailə başçısı kimi qəbul etmirsə - onun imanı sual altındadır. Əgər bir kişi ailə başçısı kimi məsuliyyətini dərk etmirsə - onun da imanı sual altındadır.

Ailə rifahının təminatı - ailədə kişinin əsas məsuliyyətidir

Ailədə bəzi məsuliyyət və öhdəliklər kişinin üzərində, bəziləri də xanımın üzərindədir. Kişinin ailə başçısı kimi üzərində olan ən mühüm məsuliyyət və öhdəliklərdən biri budur ki, o, özündən asılı olan hər şeyi etməlidir ki, ailəsini rifahla yaxşı təmin etsin, ailəsini yaxşı dolandırsın.

Kişi çalışmalıdır, işləməlidir, tənbəllikdən, süstlükdən uzaq durmalıdır, ruzi dalınca getməlidir, əlindən gələni etməlidir ki, ailəsini yaxşı dolandırsın. Həzrət Rəsulallah (s) buyurur: "Bizdən deyildir o kəs ki, ona rahat bir imkan verilib, amma o, ailəsini çətində tutur".

Bir var ki, həyat yoldaşının yoxudur, əlindən gələni də edir, amma olanı budur. Belə vəziyyətdə gərək bir-birlərini başa düşsünlər. Bir də var ki, varıdır, amma ailəsi üçün xərcləməyə, ailəsinin rifahını artırmağa əli gəlmir. Peyğəmbərimiz (s) belə kəsdən xoşunun gəlmədiyini bəyan edir.

Kişinin öz ailəsinin yanında olması o qədər önəmlidir ki...

Kişinin üzərində olan ikinci məsuliyyət budur ki, çalışmalıdır ki, evdə əmin-amanlıq olsun. Bu gün ailələrdə ən ciddi şəkildə axsayan mövzulardan biri məhz budur. Kişi ailədə əmin-amanlığı təmin etmək üçün çalışmalıdır. Bunun üçün kişi zamanının bir hissəsini evinə, ailəsinə ayırmalıdır. Evdə xanım bilməlidir ki, bir söykənəcəyi var, uşaq bilməlidir ki, söykənəcəyi var. Kişinin evdə əmin-amanlığı təmin etmək kimi bir məsuliyyəti var. Kişinin ailədə olması, nəzarətinin ailənin üzərində olması, evə mütəmadi baş çəkməsi, xanımı ilə əyləşib söhbət etməsi, övladlarının yanında olması çox önəmlidir.

Həzrət İmam Sadiq (ə) buyurur: "Kişiyə yaraşan deyil ki, bir şəhərdə ailəsi ola-ol,a o istirahəti başqa yerdə edə".

Dürüst kişi işlərini bitirdikdən sonra evinə getməlidir. Ruzi dalınca getmək, ictimai vəzifələr və s. məsələləri yerinə yetirdikdən sonra kişi evinə getməlidir.

Başqa bir buyuruşda Həzrət Rəsulallah (s) buyurur: "Kişinin öz ailəsinin yanında əyləşməsi böyük Allah dərgahında mənim məscidimdə etikafdan daha sevimlidir".

Bəzən də insanın vaxtı elə boş-boş məsələlərə, səmərəsiz mövzulara, mənasız söhbətlərə, qeybətlərə, əhəmiyyəti və faydası olmayan batil işlər görməyə, Allahın razı olmadığı mövzulara gedir.

Əgər insan həqiqətən çalışıb öz zamanını tənzimləyə bilsə, daha çox zamanını ailəsinin yanında olar.

Ailəyə ehtiram, məhəbbət - möminin əsas xüsusiyyətləridir

Üçüncü mühüm məsələ budur ki, kişi ailədə xanımına ehtiram etməlidir. Ailədə ehtiram - ailə özülünü təşkil edən mövzulardandır. İmam Sadiq (ə) atasından nəql edir: "Hər kim ki, ailə qurur, gərək xanımını əziz tuta və ona ehtiram edə".

Ailə quranda insan düşünməlidir. Ailə qurdusa, gərək xanımını əziz tutsun və ona həqiqi mənada hörmət etsin, şəxsiyyətini əziz tutsun.

Kişi ailədə öz məhəbbət və sevgisini izhar etməlidir. İnsanın ailəsinə nə qədər çox məhəbbəti varsa, bir o qədər imanı güclüdür. Həzrət Rəsulallah (s) buyurur: "İnsanın imanı nə qədər daha kamil olar, xanımına daha çox məhəbbət göstərər".

Həzrət Peyğəmbər (s) bizlərə öyrədir ki, daha imanlı kəs - ailəsinə, xanımına qarşı daha məhəbbətli olan kəsdir. Necə də gözəl dinimiz var! Belə gözəl, praktik dinin həyatın bütün müstəvilərinə aid buyuruşları var.

Dinimiz bəyan edir ki, insanın imanının artmasının göstəriciləri əməli şəkildə öz əksini tapmalıdır. O qədər tapmalıdır ki, ailənə münasibətdə də özünü büruzə vermiş olsun. Əziz Peyğəmbərimiz (s) və Məsumlar (ə) özləri bu məsələlərdə bizlər üçün ən böyük nümunə olublar.

Kişinin həmçinin ailəsinin, övladlarının aqibəti ilə bağlı da məsuliyyətlidir. Ailənin mənəviyyatı, əxlaqi durumu, uşaqların dürüst insan olaraq tərbiyəsi - kişinin üzərində olan ən ümdə vəzifələrdəndir.

Bəli, ailənin hicabı, namazı, ibadəti, ailədə ibadət ab-havasının olması ilə bağlı kişinin məsuliyyəti var.

Ailədə qadının məsuliyyətləri

Kişilərlə paralel olaraq, xanımların da ailədə məsuliyyətləri və öhdəlikləri var. Mənəviyyat yolunu gedən xanımların ailədə üzərlərinə düşən vəzifələrdən biri budur ki, ailə başçısının ehtiramını saxlasınlar. Xanım bütün hallarda həyat yoldaşının ehtiramını saxlamalıdır. Əgər bu ehtiramı saxlamasa, tutduğu oruc da, qıldığı namaz da, oxuduğu Quran da, getdiyi əzadarlıq məclisi də, övlad böyüdüb savab qazanması da Qiyamətdə dadına çatmayacaqdır.

Amma, ailənin xanımı öz həyat yoldaşının ehtiramını saxlasa, onun nəfəsi də ibadətə çevrilər. Möminə xanımlar bunun fərqində olmalıdırlar ki, ailədə müşküllər çox olar, amma bu müşküllərin həlinin böyük hissəsi xanımların ixtiyarındadır. Əgər həyat yoldaşlarına ehtiram etsələr, itaət etsələr və böyük kimi qəbul etsələr - olan müşküllərin böyük bir hissəsi dərhal həll olar.

Xanımların ailədə ikinci mühüm xüsusiyyəti budur ki, qənaətcil olsunlar. Çünki evdəki məsələlər kifayət qədər xanımın sərəncamındadır. Kişi ailəni zəruri məsələlərlə təmin edir, amma məhz xanımdır ki, ixtiyarında olanları qənaətlə də sərf edə bilər, israfla da. Qənaətcillik - xanımın ən ciddi xüsusiyyətlərindədir.

Üçüncü məsələ budur ki, ailədə xanım birmənalı olaraq həyat yoldaşının idarə etməsini qəbul etməlidir. Bir çox hallarda ailədə bərəkət məhz buna görə olmur, ailədə qarmaqarışıqlıq buna görə düşür, ailədə ab-hava buna görə korlanır. Bəzən xanımlar bu tezisi sərf edəndə qəbul edir, sərf etməyəndə etmir və bununla da ailənin nuraniyyəti itir.