Avropa Komissiyası: Azərbaycanla Aİ arasında əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanlar var FOTO


Digərləri 30 Yan 2018 19:50:00 320 0

Avropa Komissiyası: Azərbaycanla Aİ arasında əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanlar var  FOTO

Azərbaycanda səfərdə olan Avropa Komissiyasının nəqliyyat və mobillik üzrə baş direktoru Henrik Hololeyin başçılıq etdiyi nümayəndə heyəti ilə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri Rauf Vəliyev arasında görüş keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki, görüşdə R.Vəliyev ölkəmizdə reallaşdırılan nəqliyyat-logistika layihələri, o cümlədən Gəmiçiliyin fəaliyyəti haqqında qonaqlara ətraflı məlumat verib. O bildirib ki, bu gün Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Xəzərdə Avropa və Asiya arasında ən qısa körpü rolunu oynayır. Hazırda Gəmiçilik Xəzərdə yeganə bərə operatorudur. Donanmanın yenilənməsinin əsas məqsədlərindən biri olduğunu diqqətə çatdıran "AXDG" QSC-nin sədri ölkə başçısı İlham Əliyevin tapşırığına əsasən böyük istehsal gücünə malik Bakı Gəmiqayırma Zavodunda Gəmiçilik üçün hazırda 2 ədəd unikal Ro-Pax gəmi-bərəsinin və iki tankerin tikildiyini vurğulayıb.

H.Hololey Azərbaycanın nəqliyyat-logistik imkanlarının genişlənməsini, yükdaşımalarda Gəmiçiliyin fəaliyyətini, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsini, Azərbaycanın nəqliyyat-logistik qovşağına çevrilməsi istiqamətində reallaşdırılan digər layihələri yüksək qiymətləndirib. O, Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğunu bildirib.


Xəbərə aid fotolar