Bulud texnologiyalarının maliyyə sektorunda tətbiqi müzakirə edilib (FOTO)


Digərləri 30 Yan 2018 18:33:00 291 0

Bulud texnologiyalarının maliyyə sektorunda tətbiqi müzakirə edilib (FOTO)

Bakıda “Bulud texnologiyalarının maliyyə sektorunda tətbiqi” mövzusunda tədbir keçirilib.

Bakı. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) və Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNT) təşkilatçılığı ilə Bakıda “Bulud texnologiyalarının maliyyə sektorunda tətbiqi” mövzusunda tədbir keçirilib. Nazirlikdən Trend-ə verilən məlumata görə, Azərbaycanın bank sektoru və digər maliyyə təşkilatlarının rəhbərləri üçün nəzərdə tutulan tədbirin məqsədi “bulud” texnologiyalarının tətbiqinin maliyyə qurumlarının işində yarada biləcəyi üstünlüklər, bank sektorunun dövrün çağırışlarına operativ uyğunlaşa bilməsi üçün “bulud” həllərinin yaratdığı imkanlar və qeyd olunan texnologiyanın tətbiqi vasitəsilə maliyyə bazarlarında informasiya təhlükəsizliyi və etibarlılığın artırılması barədə məlumat verməkdir. Tədbirdə iştirak edən nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə “bulud” texnologiyalarının artıq müasir həyatın ayrılmaz bir hissəsi olduğunu və beynəlxalq təcrübədə bu texnologiyaların müxtəlif sektorlarda uğurla tətbiq olunduğunu qeyd edib. Nazir bildirib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “AzInTelecom” MMC-yə məxsus Data Mərkəzi beynəlxalq səviyyədə qəbul edilən TİER III yüksək etibarlılıq sertifikatına malikdir. Mərkəzin dünyanın ən aparıcı şirkətlərinin avadanlıqları ilə təchiz edildiyini vurğulayan R.Quluzadə dövlət qurumlarına, fiziki və hüquqi şəxslərə data və “bulud” texnologiyaları xidmətləri göstərildiyini deyib. O, Data Mərkəzin “bulud” əsaslı xidmətlər göstərməklə yerli və xarici bazarda rəqabətə davamlı və etibarlı xidmət təminatçısı kimi çıxış etdiyini qeyd edib. Nazir bildirib ki, əsas hədəflərdən biri respublikamızın regionun tranzit informasiya mərkəzinə çevrilməsidir. Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı isə çıxışında bildirib ki, informasiya-kommunikasiya texnologiyalarının inkişafı nəticəsində bu gün artıq maliyyə sektorunda yeni alətlər tətbiq olunur, ofissiz maliyyə xidmətləri göstərən yeni formalı mexanizmlər yaranır. R.Aslanlı bununla belə, informasiya texnologiyaları, o cümlədən “bulud” texnologiyaları üzərindən maliyyə xidmətlərinin göstərilməsi üçün hüquqi bazaya ehtiyac olduğunu vurğulayıb. “Bulud” texnologiyalarının maliyyə sektorunda tətbiqi ilə bağlı təşəbbüsü dəstəklədiklərini də diqqətə çatdıran Direktorlar Şurasının sədri NRYTN ilə MBNT arasında başlayan bu addımın səmərəli əməkdaşlığa çevriləcəyinə, eyni zamanda bu imkanlar əsasında yeni alətlərin generasiya edilə biləcəyinə ümidvar olduğunu bildirib.