"Aİ beynəlxalq logistika və ticarət mərkəzinə çevrilməsi baxımından Bakı Limanını dəstəkləyir" FOTO


Digərləri 30 Yan 2018 16:56:00 264 0

"Aİ beynəlxalq logistika və ticarət mərkəzinə çevrilməsi baxımından Bakı Limanını dəstəkləyir"  FOTO

Avropa Komissiyasının nəqliyyat və mobillik üzrə baş direktoru Henrik Hololei Azərbaycana rəsmi səfəri çərçivəsində Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanına səfər edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, qonağı Bakı Limanında gedən işlərlə tanış edən "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin Baş direktoru Taleh Ziyadov H.Hololeinin diqqətinə çatdırıb ki, yeni Bakı limanının inşası Prezident İlham Əliyevin ölkənin regional nəqliyyat qovşağına (hub) çevrilməsi siyasətində mühüm yer tutur. Cari ilin ortalarında tikinti işləri bitməklə 12 körpüdən ibarət olacaq limanın yükaşırma qabiliyyəti 15 milyon ton yük, o cümlədən 100 000 konteyner (TEU) olacaq. Ümumiyyətlə isə bütün inşa işləri bitdikdən sonra liman mövcud 17 körpüsü ilə 25 milyon ton yük, o cümlədən 500 000 konteyner yük aşıra biləcək.

H.Hololei yeni Bakı Limanın Avropa-Asiya ticarət dövriyyəsində mühüm yer tutduğunu qeyd edib: "Azərbaycan Avropanın yaxın tərəfdaşıdır və biz tərəfdaşlığı daha da inkişaf etdirmək niyyətindəyik. Bu ölkə, Avropa və Asiyanı əlaqələndirən nəqliyyat dəhlizi və öz strateji mövqeyi ilə nəqliyyat və logistika qovşağı kimi mühüm rol oynayır. Mən çox məmnunam ki, Aİ həm əməliyyat imkanlarının artırılması, həm də beynəlxalq logistika və ticarət mərkəzinə çevrilməsi baxımından Bakı Limanını dəstəkləyir və gələcəkdə də dəstəkləyəcək. Bu müasir liman genişlənmiş Avropanın Trans-Avropa şəbəkəsinin (TNT-T) bir hissəsidir."