ARDNF “Azəri-Çıraq-Günəşli” layihəsi üzrə yeni saziş çərçivəsində ilk bonusu əldə edib


İqtisadiyyat 30 Yan 2018 16:00:47 265 0

ARDNF “Azəri-Çıraq-Günəşli” layihəsi üzrə yeni saziş çərçivəsində ilk bonusu əldə edib

8 il ərzində xarici sərmayəçilər fonda ümumilikdə 3,6 mlrd. dollar bonus ödəyəcək

Yanvarın 29-da Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri” və “Çıraq” yataqlarının, eləcə də “Günəşli” yatağının dərinsulu hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və xarici hasilat şirkətləri arasında imzalanmış yeni sazişə uyğun olaraq 450 mln. ABŞ dolları həcmində ilk bonus ödənişi həyata keçirilib.

Bu barədə “Report”a Fonddan bildirilib.

Bu saziş çərçivəsində 8 il ərzində xarici sərmayəçilərin ARDNF-ə ümumilikdə 3,6 mlrd. ABŞ dolları məbləğində bonus ödəməsi nəzərdə tutulur.

Xatırladaq ki, 2017-cı il sentyabrın 14-də “Azəri”, “Çıraq” yataqları və “Günəşli” yatağının dərinsulu hissəsinin (AÇG) birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş saziş imzalanıb. Saziş oktyabrın 31-də Azərbaycan parlamenti tərəfindən ratifikasiya olunub.

Yeni müqavilədə tərəfdaşların pay bölgüsü bu nisbətdədir:BP - 30,37%, AzACG (SOCAR) - 25,00%, "Chevron" - 9,57%, "Inpex" - 9,31%, "Statoil" - 7,27%, "ExxonMobil" - 6,79%, TP - 5,73%, "Itochu" - 3,65% və "ONGC Videsh Ltd." (OVL) - 2,31%.