Sabah ilin ilk Ay tutulması baş verəcək


Digərləri 30 Yan 2018 15:05:00 212 0

Sabah ilin ilk Ay tutulması baş verəcək

Tam tutulma hadisəsi 1 saat 16 dəqiqə davam edəcək

Bu ilin ilk Ay tutulması hadisəsi sabah qeydə alınacaq.

Son.az xəbər verir ki, AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Xıdır Mikayılov report-a açıqlamasında deyib ki, təbiət hadisəsi yanvarın 31-də saat 15:48:27-də başlayacaq.

Onun sözlərinə görə, tam tutulmanın başlanması saat 16:51:47-də olacaq ki, bu zaman ayın səthi tam tutulacaq: "Proses saat 18:07:51-də sona çatacaq. Tam tutulma hadisəsi 1 saat 16 dəq davam edəcək. Bu müddətdə Ayın səthi tam qaranlıq, yəni, Ay qızarmış formada olacaq".

Rəsədxana rəsmisi qeyd edib ki, tutulmanın sonu, yəni Ayın səthinin yavaş-yavaş açılmağa başlaması və tutulmanın tam sona çatması prosesi saat 19:11:11-də olacaq: "İlk Ay tutulma hadisəsi Azərbaycan ərazisi üçün saat 18:00-dan etibarən Ay doğduqdan sonra Ayın səthinin aşağı hissədən yavaş-yavaş açılmağa başlaması kimi müşahidə ediləcək. Bu da o deməkdir ki, ilk tutulmanı tam şəkildə Azərbaycanda müşahidə etmək mümkün olmayacaq. İnsanlar bunu Qazaxıstan, Monqolustan və üzü Yaponiyaya doğru şərq istiqamətindəki ölkələrdə görə biləcəklər".