Azərbaycan ötən il Türkiyəyə qaz ixracını 1% artırıb


İqtisadiyyat 30 Yan 2018 14:55:07 270 0

Azərbaycan ötən il Türkiyəyə qaz ixracını 1% artırıb

Bakı-Tbilisi-Ərzurum kəməri ilə 2017-ci ildə Türkiyəyə 6,3 mlrd. kubmetr qaz nəql edilib

Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri ilə 2017-ci ildə Türkiyəyə 6 300,1 mln. kubmetr həcmində “Şahdəniz” yatağından hasil olunan qaz nəql edilib.

“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin Yanacaq-energetika kompleksində 2017-ci il üzrə fəaliyyətə dair hesabatında qeyd olunub.

Ötən il Türkiyəyə nəql olunan Azərbaycan qazının həcmi 2016-cı ilə nisbətən 54,4 mln. kubmetr və ya 0,87% çox olub.

Qeyd edək ki, 2001-ci ilin martında Azərbaycanla Türkiyə arasında imzalanan qaz alqı-satqısına dair sazişə əsasən, Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" yatağının "Mərhələ-1" layihəsi çərçivəsində hasil olunan qaz Türkiyəyə ixrac edilir. Azərbaycan qazı "Mərhələ-1" layihəsi çərçivəsində Türkiyə bazarına 2007-ci ildə daxil olub.

Cənubi Qafqaz boru kəməri Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağından hasil edilən qazın nəqli üçün inşa edilib. Boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Kəmər Türkiyə sərhədinədək Azərbaycanda və Gürcüstanda Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə eyni marşrutdadır və Türkiyədə bu ölkənin qazpaylama sisteminə birləşdirilib.