"Qıza o dərmanı versəydilər, öləcəkdi"


Digərləri 29 Yan 2018 22:43:00 237 0

"Qıza o dərmanı versəydilər, öləcəkdi"

Son.az Respublikanın baş kardioloqu Faiq Quliyevin ailem.az-a müsahibəsini təqdim edir.

- Faiq həkim, son zamanlar ürək tutmasından vəfat edən insanların sayı artıb. Xüsusilə də cavanlar arasında buna daha çox rast gəlinir.

- Bəzən məndən soruşurlar, niyə Azərbaycanda ürək ağrıları ilə bağlı ölümlər artıb? Reallıq isə belədir ki, sadəcə kardioloji ürək xəstəlikləri artıb, kardioloji ölüm yox. Bunun səbəblərindən biri yaxşı aşkarlanmadır. Əvvəlki illərə nisbətən kardioloji xəstələr, ürək qüsurları, üərk-damar xəstəlikləri daha yaxşı aşkar olunur. Səhiyyə Nazirliyi tərəfindən həm xəstəxanaların, həm poliklinikaların, həm təcili yardımların təchizatı yaxşılaşdırılıb. Demək olar ki, hər poliklinikada aparatura var. Hazırda xəstələr exokardioqramma,  elektrokardioqramma etmək üçün heç bir növbə gözləmirlər. Amma əvvəllər xəstələr bunun üçün növbəyə dururdular. Hazırda belə bir problem yoxdur. İkincisi, diaqnostikanın yaxşılaşdırılmasıdır. Həkimlərin ümumi hazırlıq səviyyəsi əvvəlki illərdən dəfələrlə artıb. Əvvəllər həkimlər yalnız 6 il oxuyurdular, bunun bir ili internatura idi, indi isə təhsil müddəti Avropada olduğu kimi, 10 ildir. 4 il də rezidentura. Hər həkim təhsilini bitirəndən sonra sertifikasion imtahan verir və lisenziya alır. Bu lisenziyanın da 5 il təsir müddəti var. Bunlar hamısı həkimləri kitab oxuyub hazırlaşmağa stimullaşdırır.

- Hazırda vətəndaşlar ürək xəstəlikləri ilə bağlı daha çox dövlət, yoxsa özəl xəstəxanalara müraciət edirlər? 

- Bilirsiniz, bir hökumət sistemi var, bir də şəxsi klinikalar. Onlar ikisi də fəaliyyət göstərir və kimin hara imkanı olsa, ora müraciət edir. Amma Səhiyyə Nazirliyi çalışır ki, hökumət sistemində olan xəstəxanaların təchizatı, dərmanları özəl klinikalardan fərqlənməsin ki, əhali əziyyət çəkməsin. Onu da qeyd edim ki, dövlət xəstəxanalarında həm müayinə, həm dərmanlar, həm yeməklər pulsuzdur.

- Amma məsələn, angioqrafiya müayinəsi olduqca baha - 350 manatdır.

- Siz deyirsiniz, müayinə 350 manatdır. Amma dövlət xəstəxanalarında bu pulsuzdur. Şəxsi klinikalarda kimisi 350 manata, kimisi 250 manata edir. Onların da arasında rəqabət başlayanda qiyməti azaltmağa başlayacaqlar. Təzə-təzə qiymətlər daha baha idi, hətta 450 manat. İndi get-gedə nisbətən azalır. 1 saylı Klinik Tibbi Mərkəzdə və Eksperimental Cərrahiyyə İnstitutunda bu müayinə pulsuzdur. Amma bu müayinə hər dövlət xəstəxanasında da yoxdur. Çünki həmin aparatlar çox bahalıdır. Hələlik yoxdur, amma güman edirik ki, bu yaxınlarda böyük klinikalarda da angioqrafiya etdirmək olacaq.

- Bəs adıçəkilən müayinədən hər kəs keçə bilərmi?

- Bu müayinə zamanı konkret olaraq ürək damarının içinə invaziv yolla, katetrlə kontrast daxil edirlər. Bu isə ən optimal yoxlama sayılır. Tutaq ki, elektrokardioqrafik yoxlama aparılır. Orada heç nə aşkarlanmır, amma xəstənin şikayəti var, klinik əlamətləri olur. Exokardioqrafik yoxlamalar da əlavə olunur və orada da heç nə aşkarlanmır. Üstəgəl stress testlər edirlər, o da konkret bir şey göstərmir. Bu zaman daha dəqiq yoxlama əlbəttə ki, angioqrafiyadır. Bu müayinə təkcə həkim göstərişi ilə ola bilər. Ona görə ki, bunun yoxlama metodikası pulsuz da olsa, bahalı yoxlamadır. Orada birdəfəlik kateterlardan istifadə olunur, kontrast özü çox bahalıdır. Azərbaycanda onun istehsalı yoxdur və xaricdən gəlir. Hətta stendlər var ki, bir-birindən bahadır. Stend var ki, birinin qiyməti 1800 manata başa gəlir. Təsəvvür edin, hökumət bunları alsın və pulsuz şəkildə hər kəsə tətbiq etsin, o zaman səhiyyəyə ayrılan pulların çoxu bu stendlərə gedər. Nəticədə nə vaksinasiya aparmaq olar, nə də başqa işləri çatdıra bilərik.

- Əvvəllər ürək tutmalarına 50 yaşdan yuxarı insanlarda daha çox rast gəlinirdi. Hazırda isə bu yaş 20-30-40-a enib. Səbəb nədir?

- Bu tendensiya bütün dünyada gedir. Biirinci səbəb kimi bütün dünyada olan ekoloji faktorlardır. Bu faktorlar get-gedə pisləşir və tək ürək-damar xəstəlikləri yox, ağciyər, onkoloji və sair xəstəlikləri artırır. Kardiologiyaya aid olan faktorlar isə bunlardır - əhali arasında erkən piylənmə, metabolik sindrom yaranması, lipid mübadiləsinin pozulması, qarının böyüməsi və sair. Fikir verirsinizsə, cavan uşaqlardır, amma qarınları sallanıb. Əvvəllər belə şeylər yox idi. Avan qızın, oğlanın fizioloji quruluşu, adətən, tamamilə normal olurdu. İndi isə baxıb görürük ki, əksəriyyət köklükdən əziyyət çəkir. Bununla yanaşı metabolik sindromun, ikinci tipli şəkərli diabetin artması da ürək-damar xəstəliklərini həm artırır, həm də cavanlaşdırır.

- Düzgün qidalanmamaq, normal yaşayış tərzinin olmaması da bu xəstəliyin yaranmasına stimul verir?

- Hazırda yaşayış intensiv olub. Daha intensiv yaşayış tərzi keçirən cavanlar isə ayaqüstü yeməklərdən çox istifadə edirlər. Dönər, müxtəlif buterbrodlar, üzərindən də şirin kolalar. Bunlar hamısı karbohidrat mübadiləsinin pozulmasına, erkən şəkərli diabetə, erkən metabolik sindromun əmələ gəlməsinə gətirib çıxarır. Yəni stress vəziyyətində qaça-qaça ayaqüstü yemək, düzgün qidalanmamaq, kifayət qədər vitamin, meyvə, tərəvəz qəbul etməmək nəticədə problemlərin yaranmasına gətirib çıxarır.

- Bəs tütün, alkoqollu içkilər?

- Sizə deyim ki, bu, ölkələrə görə dəyişir. Bizdə gənclər arasında alkoqollu içkiyə aludəçilik çox deyil. Müqayisəli götürsək, Almaniya, İngiltərə və digər ölkələrdə pivə, çaxır, araq kimi içkilərin cavanlar arasında istifadəsi dəfələrlə çoxdur. Amma bunu siqaret çəkməklə kompensasiya edirlər. Alkoqol içmirlər, amma siqaret çox çəkirlər. Bu da çox təhlükəlidir. Bildirim ki, ağciyərlər 20 yaşına qədər artır. Ondan sonra ağciyərin artması dayanır. Və tutaq ki, yeniyetmə siqaret çəkməyə başlayır, bu zaman ağciyəri inkişafdan qoyur. Bütün orqanizmdə oksigenasiya pozulur. Nə beyinə, nə ürəyə, nə də daxili orqanlara oksigen gedib çatmır. Oksigen orqanizmə çatmadığı üçün qidalanmadan asılı olmayaraq, uşaqlar zəif olur. Beyin inkişafı pozulur.