Hər oynaqəzələ ağrısı revmatizmin əlaməti deyil


Digərləri 29 Yan 2018 21:24:00 312 3

Hər oynaqəzələ ağrısı revmatizmin əlaməti deyil

Revmatik xəstəliklər təbabətə məlum olan ən qədim patologiyalardandır. "Axma, tökülmə" mənası verən "Rheuma" (revma) anlayışına ilk dəfə bizim eranın birinci əsrinə aid olan tibbi ədəbiyyatda rast gəlinir. Qədim həkimlər hesab edirdilər ki, beyində əmələ gələn "ilkin şirə" bədənin müxtəlif hissələrinə axaraq xəstəlik törədir. Hazırda revmatik xəstəliklər qrupuna 120-dən çox xəstəlik və sindrom daxildir. Revmatizm də bu qrupa daxil olan patologiyalardandır. Müasir təsnifatlara əsasən revmatizm əvəzinə "kəskin revmatik qızdırma"dan istifadə olunur. Dünyanın bütün ölkələrində yayılmış bu xəstəliyə 7-15 yaşlı uşaqlar arasında daha çox rast gəlinir. Kəskin revmatik qızdırma 30 faiz hallarda ailəvi xarakter daşıyır.

Xəstəliyin inkişafını şərti olaraq üç əsas mərhələyə bölmək olar. Birinci mərhələ adətən keçirilmiş anginadan, skarlatinadan və ya kəskin nazofaringitdən sonra 2-4 həftə ərzində davam edir, simptomsuz və ya uzanmış sağalma əlamətləri ilə keçir. İkinci mərhələ xəstəliyin əsas klinik əlamətlərinin meydana çıxması ilə xarakterizə olunur. Xəstəlik kəskin, tədricən, hətta bilinmədən başlaya bilər. Əksər uşaqlarda ilkin əlamətlər kimi qızdırma, halsızlıq və oynaq ağrıları meydana çıxır. Müayinə zamanı ürək tərəfindən dəyişikliklər, leykositoz, eritrositlərin çökmə sürətinin artması, anemiya aşkar edilir. Bəzən isə kəskin revmatik qızdırma xoreya əlamətləri ilə başlayır. Müxtəlif simptomlar xəstəliyin gedişindən, ağırlıq dərəcəsindən asılı olaraq müxtəlif forma və kombinasiyalarda ola bilər. Üçüncü mərhələ - qayıdan kəskin revmatik qızdırmanın müxtəlif əlamətləri-ürək qüsurunun proqressivləşməsi və hemodinamik pozğunluqların inkişafı ilə xarakterizə olunur.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Tibb Universiteti (ATU) II uşaq xəstəlikləri kafedrasının professoru, tibb elmləri doktoru, Əməkdar Elm Xadimi Surxay Musayev son zamanlarda uşaqlar arasında daha çox rast gəlinən revmatik xəstəliklərlə bağlı universitetin mətbuat xidmətinə müsahibə verib.

- Kəskin revmatik qızdırma zamanı valideynlər daha çox hansı əlamətlərə diqqət yetirməlidirlər?

- Qeyd etdiyim kimi, kəskin revmatik qızdırma zamanı valideynlərin və həkimlərin diqqətini ilk cəlb edən kliniki əlamətlərindən biri oynaqların zədələnməsidir. Bu, bir qayda olaraq iri oynaqların simmetrik, uçuğu xarakterli zədələnməsi ilə xarakterizə olunur. Oynaqlarda dözülməz ağrılar, şişkinlik, dəri örtüyünün qızartısı, az nəzərə çarpan defiqurasiyası olur. Bəzən oynaqların belə klassik zədələnməsi deyil, bir neçə gündən 3- 4 həftəyə qədər davam edən oynaq ağrıları müşahidə olunur.

Xəstəliyin əvvəlində çox da büruzə verməyən, lakin həyat üçün ən təhlükəli əlamət ürəyin zədələnməsidir. Patoloji proses bir qayda olaraq ürəyin bütün təbəqələrini əhatə edir. İlkin olaraq miokardit, onun fonunda isə endokardit və perikardit inkişaf edir. Miokard, perikard və endokard prosesə ardıcıl qoşulur və müxtəlif variantlarda rast gəlinir. Əsas obyektiv simptomları taxikardiya, küylər, ürəyin böyüməsi, ürək çatışmazlığı, atrioventrikulyar keçiriciliyin ləngiməsi, perikarditdir. Uşaqlarda demək olar ki, 100 faiz hallarda miokardit, 50-55 faiz isə endokardit inkişaf edir. Uşaqların ümumi vəziyyəti ağır olur, avazıma, təngnəfəslik, sianoz, zəif nəbz, arterial təzyiqin aşağı enməsi, ritm pozğunluqları əmələ gəlir. Təxminən 10 faiz hallarda aortal qapaqlar zədələnir, aşağı tembrli diastolik küy eşidilir, bəzən diastolik təzyiq aşağı enir. Ekssudativ perikardit isə təxminən 40 faiz hallarda inkişaf edə bilər. Bu zaman uşağın vəziyyəti hədsiz dərəcədə ağırlaşır, üzü şişir, boyun venaları qabarır, təngnəfəslik, məcburi yarımoturaq vəziyyəti müşahidə olunur.

Sinir sisteminin zədələnmələri uşaqlarda adətən kiçik xoreya şəklində təzahür edir. Tədricən uşağın psixikası dəyişilir, eqoistlik, emosional dəyişikənlik, yorulma, aqressivlik meydana çıxır. Bir-iki həftədən sonra xoreyanın əsas əlamətləri-müxtəlif əzələ qruplarının qeyri-iradi yığılmaları, əzələlərin hipotoniyası, zəifliyi, hərəkətlərin koordinasiyasının pozulması inkişaf edir. Mimiki əzələlərin qeyri-iradi yığılması, nitq pozğunluğu, xəttin dəyişilməsi baş verir. Xəstələr yemək zamanı əşyaları əlində saxlaya bilmir, narahat hərəkətlər edir. Ağır hallarda, hətta uşağın oturub durması, gəzməsi çətinləşir, udma və digər fizioloji aktlar pozulur. Xoreik hiperkinezlər uşaqlar həyacanlananda, fiziki yük zamanı artır, yuxuda itir. Bəzən valideynlər uşağın bu hərəkətini şıltaqlıq kimi qəbul edərək onlara irad tutur, qışqırır və s. Bu isə prosesə mənfi təsir göstərərək onu daha da dərinləşdirir. Belə hallarda təcili revmatoloqa müraciət etmək lazımdır.

- Vaxtında və düzgün diaqnoz qoyulmadıqda xəstəlik hansı fəsadlarla nəticələnə bilər?