Dövlət başçısı: "Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri iqtisadiyyata böyük valyuta axınını təmin edir"


İqtisadiyyat 29 Yan 2018 19:01:51 329 0

Dövlət başçısı: "Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri iqtisadiyyata böyük valyuta axınını təmin edir"

Bütün bu layihələr xalq qarşısında tarixi xidmətlərdir"

"Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin tikintisi iqtisadiyyata böyük valyuta axınını təmin edir". 

“Report” xəbər verir ki, bunu Prezident İlham Əliyev yanvarın 29-da Heydər Əliyev Mərkəzində keçirilən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda giriş nitqində deyib. 

Dövlət başçısı bildirib ki, Azərbaycanda böyük gəmiqayırma zavodu inşa edildi: "Bu gün biz bütün növ gəmiləri istehsal edə bilərik. Artıq gəmiqayırma zavodu önəmli, böyük sifarişlər icra edir. Ələt Dəniz Ticarət Limanı bu il istifadəyə verilməlidir. Bu, Xəzər hövzəsində ən böyük beynəlxalq dəniz ticarət limanıdır. Bu liman olmadan biz nəqliyyat dəhlizinə, nəqliyyat mərkəzinə çevrilə bilməzdik. Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi tarixi hadisədir. Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycan dövləti və xalqı qarşısında tarixi xidmətdir. Bu dəmir yolu, - bu barədə çox danışılıb, ictimaiyyət də əhəmiyyətini bilir, - həqiqətən bölgədə, Avrasiyada nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində bəlkə də son illərdə ən önəmli layihədir. Bunun bizim üçün də çox böyük əhəmiyyəti var. Artıq bir-iki aydır ki, Asiyadan, Avropadan müxtəlif istiqamətlərə gedən yüklər gəlib Azərbaycan ərazisindən keçir".

"Biz Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması ilə bağlı öz ərazimizdə olan bütün məsələləri qısa müddət ərzində həll etdik. Beləliklə, beynəlxalq əməkdaşlığa gözəl şərait yaratmışıq. Dəmir yolunun yenidən qurulması istiqamətində işlər görülüb, görüləcək və biz bu barədə danışacağıq. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin tikintisi iqtisadiyyata böyük valyuta axınını təmin edir. Bu kəmərlər olmasaydı, biz neft-qaz resurslarını haraya ixrac edəcəkdik? Bu, mümkün olmazdı. Heç kim də bizim neft-qaz yataqlarımıza vəsait qoymazdı, əgər bunun ixrac imkanı yoxdursa. Daxili bazarımız isə bizdə olan yataqlarla müqayisədə kiçikdir. Ona görə bu kəmərlər mütləq tikilməli idi və çox ağır şəraitdə, təzyiqlər şəraitində tikildi, bizə qarşı kampaniyalar aparılırdı. Bakı-Tbilisi-Ceyhanı əngəlləmək üçün antiazərbaycan qüvvələr nə qədər səy göstərdilər, alınmadı. Biz möhkəm dayanmışdıq, güclü iradə göstərmişdik və bu layihələri qonşu dövlətlərlə birlikdə icra etdik. Bakı-Tbilisi-Ceyhan on ildən çoxdur ki, fəaliyyət göstərir. On ildən çoxdur ki, qaz kəmərimiz qazımızı Ərzuruma qədər nəql edir. Əgər bu layihələr olmasaydı, Bakı-Tbilisi-Qars olmazdı. Əgər bu, olmasaydı, “Şahdəniz-2” də olmazdı. Cənub Qaz Dəhlizi – dəyəri 40 milyard dollardan çox olan layihə də olmazdı. Onda bizim həyatımız necə olacaqdı? Bizim iqtisadi vəziyyətimiz necə olacaqdı. Təsəvvür etmək o qədər də çətin deyil. Ona görə bütün bu layihələr xalq qarşısında tarixi xidmətlərdir. Biz fəxr edirik ki, bunları icra etmişik. Bu layihələr, eyni zamanda uzunmüddətli inkişafımıza şərait yaradır. Biz indi 42 milyard dollar valyuta ehtiyatlarımıza malikik. Bunları nəyin hesabına qazanmışıq? Enerji resurslarının ixracı nəticəsində. Bakı-Tbilisi-Ceyhan tikilməsəydi, bu da olmayacaqdı", - Prezident İlham Əliyev qeyd edib.