Elmar Məmmədyarov Henrik Haloleynin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü FOTO


Siyasət 29 Yan 2018 19:18:00 283 0

Elmar Məmmədyarov Henrik Haloleynin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü  FOTO

Xarici işlər naziri Elmar Məmmədyarov Avropa Ittifaqının Nəqliyyat və Mobillik üzrə Baş direktoru Henrik Haloleynin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Son.az bildirir ki, görüşdə Azərbaycan və Avropa İttifaqı arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunaraq, Şərq Tərəfdaşlığı Brüssel sammitinin ikitərəfli əməkdaşlığın inkişafına əlavə təkan verdiyi qeyd olundu.

Uzlaşdırma (connectivity) və nəqliyyat sahəsində əməkdaşlığın Avropa İttifaqının Azərbaycan ilə əməkdaşlığında mühüm rola malik olduğu diqqətə çatdırıldı.

Nazir Elmar Məmmədyarov Azərbaycanın regional nəqliyyat qovşağına və logistika mərkəzinə çevrilməsi, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafı, region ölkələri ilə nəqliyyat sistemlərini uzlaşdırılması istiqamətində görülən tədbirlər haqqında məlumat verdi.

Şərq-Qərb nəqliyyat dəhlizinin vacib infrastruktur komponenti olan Bakı-Tbilisi-Qars dəmir-yol xəttinin səmərəlilik, vaxt və sürət baxımdan üstünlükləri və Avropa İttifaqının bu layihəyə dəstəyi qeyd olundu. Çin və Avropa İttifaqı ölkələrinin nəqliyyat şəbəkələrinin birləşdirilməsinə töhfə verəcək bu layihənin iqtisadi-ticarət və insanlararası əlaqələrin inkişafına, regional inkişaf və çiçəklənməyə xidmət edəcəyi vurğulandı.

Şimal-Cənub nəqliyyat dəhlizinin Hind Okeanı ilə Şimali Avropa ölkələrinin nəqliyyat sistemlərinin birləşdirilməsi baxımdan əhəmiyyətinə toxunuldu.

Azərbaycanın Trans-Avropa Nəqliyyat Şəbəkəsinə qoşulması və Avropa İttifaqı ilə tərəfdaşlığa dair yeni saziş layihəsində nəqliyyat məsələlərinə xüsusi yer ayrılmasının nəqliyyat sahəsində ikitərəfli əməkdaşlıq üçün yeni imkanlar vəd etdiyi qeyd olundu.

Görüşdə dəmiryol infrastrukturunun müasir standartlara uyğunlaşdırılması, yollarda təhlükəsizliyin təmin olunması, Avropa Qafqaz Asiya beynəlxalq nəqliyyat dəhlizi (TRASEKA) layihəsinin daha da inkişaf etdirilməsi istiqamətində atıla bilinəcək addımlar ətrafında fikir mübadiləsi aparıldı.

Həmçinin, aviasiya sahəsində əməkdaşlığa dair saziş üzrə Avropa İttifaqı və Azərbaycan arasında aparılan danışıqlar nəzərdən keçirildi. 


Xəbərə aid fotolar