Anjey Kaspşikin genişləndirilən komandası Azərbaycana nə verəcək?


Siyasət 29 Yan 2018 15:18:00 308 0

Anjey Kaspşikin genişləndirilən komandası Azərbaycana nə verəcək?

ATƏT-in fəaliyyətdə olan şəxsi nümayəndəsinin ofisinin genişləndirilməsi, o cümlədən atəşkəs rejimini monitorinq edən və təmas xəttində movcud vəziyyətlə bağlı etibarlı informasiya verən müşahidəçilərin sayının artırılması yeni maraqların və bölgədə baş verən hadisələrə diqqətin artırılmasının bir işarəsidir.

Son.az bildirir ki, bunu Trend-ə beynəlxalq münaqişələrin həlli üzrə ekspert Natalia Mirimanova deyib.

Ekspert ümid etdiyini bildirib ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin genişləndirilən komandası əvvəlki fəaliyyəti ilə yanaşı, həmçinin vasitəçi kimi daha fəal rol oynayacaq, qarşılıqlı maraq doğuran məsələlər və potensial təhlükələrlə bağlı məlumat mübadiləsinin aparılmasına xüsusi diqqət yetirəcək.

N.Mirimanova həmçinin, qoşunların təmas xəttində təkmilləşdirilmiş texniki əməkdaşlıq ideyasını, o cümlədən erkən xəbərdarlıq və hərbi qarşıdurmanın qarşısının alınması sistemlərini xüsusi qeyd edib:

"Etimadın yaradılması ilə bağlı bu cür tədbirlər zaman-zaman müzakirə edilib, lakin yerinə yetirilməyib. Hesab edirəm ki, bu istiqamətdə müzakirələri yenidən başlamağın zamanıdır".

Rusiya, ABŞ və Fransanın həmsədrliyi ilə Minsk prosesindən danışan N.Mirimanova hər hansı bir komponent üzrə irəliyə doğru səmərəli nəticənin olmadığını da diqqətə çatdırıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesinin intensivləşdirilməsi istiqamətində hansı addımların atılmalı olduğu məsələsinə toxunan ekspert bildirib ki, prosesi irəli aparmaq üçün Madrid prinsipləri ümimilikdə, yaxşı dönüş nöqtəsidir:

"Bu prinsiplər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mərhələli həllini nəzərdə tutur. Xüsusilə Madrid prinsipləri Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ regionu və ətraf yeddi rayondan Ermənistan qoşunlarının çıxarılmasını, daha sonra isə regionun statusunun müəyyən edilməsini nəzərdə tutur. Bundan əlavə, Madrid prinsiplərinə əsasən, məcburi köçkün və qaçqın düşmüş bir milyondan artıq Azərbaycan əhalisi öz doğma torpaqlarına qayıtmalıdır".