Azərbaycanda qanunsuz ov edən Səudiyyə Ərəbistanı vətəndaşları saxlanılıb


Sosial 29 Yan 2018 14:41:58 255 0

Azərbaycanda qanunsuz ov edən Səudiyyə Ərəbistanı vətəndaşları saxlanılıb

Onların ölkə ərazisindən məcburi qaydada çıxarılması ilə əlaqədar Dövlət Miqrasiya Xidmətinə müraciət olunacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları “Ovçuluq haqqında” qanunun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması, respublika ərazisində çöl quşlarının və vəhşi heyvanların qanunsuz ovlanması, saxlanması hallarının qarşısının alınması məqsədilə mütəmadi reydlər keçirir.

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, ötən gün Mahmudçala Ovçuluq Təsərrüfatının ərazisində keçirilən reyd zamanı qanunsuz ovla məşğul olan Səudiyyə Ərəbistanı vətəndaşları Alsedais Abdullah İbrahim, Aljumah Fahad Abdullah və Almarzooq Abdulaziz Marzouq saxlanılaraq onlardan 3 ov silahı və 6 patron maddi sübut kimi götürülüb. 

Qanunvericiliyin tələblərinə uyğun olaraq sənədləşmə aparılıb və qanun pozucularının hər biri 2000 manat olmaqla, ümumilikdə 6000 manat məbləğində cərimə edilib.

Qanunsuz ov edən Səudiyyə Ərəbistanı vətəndaşlarının ölkə ərazisindən məcburi qaydada çıxarılması ilə əlaqədar Dövlət Miqrasiya Xidmətinə müraciət olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən qanunsuz ov hallarının qarşısının alınması istiqamətində işlər davam etdirilir.