"Report": Bu həftənin önəmli qlobal iqtisadi xəbərləri - TOP-5


İqtisadiyyat 29 Yan 2018 11:18:57 252 0

"Report": Bu həftənin önəmli qlobal iqtisadi xəbərləri - TOP-5

Əsas diqqət FED-in monetar siyasət iclasında olacaq

Qlobal maliyyə bazarı üçün 29 yanvar-2 fevral həftəsinin ən vacib iqtisadi xəbərləri ABŞ, avrozona, Böyük Britaniya və Çində açıqlanacaq.

"Report"un analitik qrupu həftənin dünya maliyyə bazarına təsir edə biləcək ən vacib 5 iqtisadi xəbəri müəyyənləşdirib:

1) Həftənin ən önəmli xəbəri təbii ki, ABŞ Federal Ehtiyat Sisteminin (FED) növbəti iclasının nəticələri olacaq. Yanvarın 31-də Bakı vaxtı ilə saat 23:00-də FED-in növbəti monetar siyasət iclasınn nəticəsi açıqlanacaq. Analitiklər iclasda uçot dərəcəsinin 1,25-1,5%-də sabit saxlanılacağını ehtimal edirlər. Əsas diqqət qərardan sonra FED-də son iclasını keçirən Canet Yellenin (Jannet Yellen) açıqlamalarında olacaq. Fevral ayında Canet Yelleni Cerom Pauel (Jerome Powell) əvəz edəcək. Analitiklər FED-in mart, iyun və dekabr iclaslarında uçot dərəcəsini artıracağını ehtimal edirlər;

2) Fevralın 2-də Bakı vaxtı ilə saat 17:30-da ABŞ-da yanvar ayı üzrə kənd təsərrüfatı sektoru istisna olmaqla məşğulluq göstəricisi açıqlanacaq. Konsensusa görə, iş yerlərinin sayı 180 min nəfər artacaq. İşsizlik isə 4,1% səviyyəsində sabit qalacaq. Əsas diqqət saat hesabı ödənilən əmək haqqı göstəricisində olacaq. Analitiklər bu göstəricinin dekabrda olduğu kimi 0,3% artacağını ehtimal edirlər. Həftə ərzində həmçinin, fiziki şəxslərin gəlir və xərcləri, şəxsi istehlak xərclərinin baza indeksi açıqlanacaq;

3) Yanvarın 31-də Bakı vaxtı ilə saat 14:00-da avrozonada yanvar ayının inflyasiya göstəricisi açıqlanacaq. Analitiklər arasında əldə olunan konsensusa görə, göstəricinin illik müqayisədə 1,3% artması gözlənilir. Daha önəmli isə baza inflyasiyası olacaq. Çünki, bu göstərici qida və enerji daşıyıcılarının qiymət artımını əks etdirmir. Baza inflyasiyanın 1% artması proqnozlaşdırılır. Həftə ərzində İspaniya, Fransa, İtaliya və Almaniyanın ÜDM göstəricisi açıqlanacaq. Bununla yanaşı avrozona iqtisadiyyatı üzrə IV rübün ÜDM artımının ilkin göstəricisi açıqlanacaq. Onun 0,6%, illik artım tempinin isə 2,7% olacağı ehtimal edilir;

4) Fevralın 1-də Bakı vaxtı ilə saat 13:30-da B.Britaniyada yanvar ayı üzrə istehsal sektorunun fəallığı, bir gün sonra isə inşaat sektoru üzrə işgüzar fəallıq indeksi açıqlanacaq. Göstəricilərin müvafiq olaraq 56,5 və 52 olması gözlənilir;

5) Fevralın 1-də Bakı vaxtı ilə saat 05:00-da Çində istehsal sektoru üzrə işgüzar fəallıq indeksi (PMI) açıqlanacaq. Göstəricinin dekabr ayı ilə müqayisədə 0,1 bənd azalaraq 51,5 olması ehtimal edilir. Bu göstəricinin 50-dən yuxarı olması istehsal sektorunda iqtisaldi artımın olduğunu əks etdirir.