Amil Yunanov: "Milliyə dəvət almaq üçün üzərimdə daha çox çalışmalıyam" - MÜSAHİBƏ


İdman 28 Yan 2018 16:32:00 270 0

Amil Yunanov: "Milliyə dəvət almaq üçün üzərimdə daha çox çalışmalıyam" - MÜSAHİBƏ

- Razıyam, Azərbaycan kuboku titul sayılmaqla bərabər, avrokubok üçün qısa yoldur. Ancaq yenə də yalnız kuboka bel bağlamamalıyıq. Kim bilir, bəlkə, çempionat bizim üçün daha yaxşı olacaq. Hər şeyin öz zamanı var.

Məlum olduğu kimi millimizin baş məşqçisi Qurban Qurbanov komandanın qarşıdakı yoxlama oyunları üçün heyətini açıqalyıb. "Sumqayıt"ın heyətində bu mövsüm məhsuldar oyun göstərən Amil Yunanovun milliyə dəvət almaması müəyyən qədər çaşqınlıq doğurub. Goal.az onun müsahibəsini təqdim edir. 

- Komandanızın Antalya toplanışı necə gedir?

- Hər şey yaxşıdır, komandada əla ab-hava var. Qış fasiləsində hazırlığa Sumqayıtda başladıq. Yanvarın 21-dən etibarən isə Türkiyədəyik. Rumıniyanın "Konkordiya” klubu ilə yoxlama oyunu keçirmişik. Rəqibə 0:1 uduzsaq da, indiki durumda nəticə önəmli deyil. Əsas məsələ səhvlərimizi görmək, onlardan nəticə çıxarmaqdır. Qarşıda hələ 3 yoxlama oyunumuz var. Mövsümün qalan bölümünə tam hazır olmaq istəyirik.

- Toplanış çərçivəsində baş məşqçi Samir Abasov futbolçulardan nə tələb edir?

- Bizdən tələb olunan komanda oyunudur. Hazırda yoxlama matçlarında nəticə istənilmir. Əsəs odur ki, baş məşqçinin verdiyi tapşırıqları yerinə yetirək. Bunun da bəhrəsini görəcəyik. Premyer Liqada yüksək pillələr uğrunda mübarizəmizi davam etdirmək istəyir. Üstəlik, Azərbaycan kubokunda yarımfinala vəsiqə qazanmışıq.

- Əsas hədəf çempionatdır, yoxsa kubok?

- Kubok oyunları hələ apreldədir. Buna qədər çempionatda önəmli oyunlarımız olacaq. Çempionatın gedişində kuboku fikirləşə bilərik. Hər iki cəbhədə uğur qazanmaq istəyirik?

- Ancaq Azərbaycan kuboku titul sayılır. Bu, "Sumqayıt” üçün tarixi nailiyyət olar...

- "Qəbələ”nin yetirməsi olsanız da, əsas komanda möhkəmlənə bilmədiniz. Ardınca "Neftçala” və "Rəvan”da çıxış etdiniz. Bu müddət ərzində sağ yarımmüdafiəçisi olsanız da, "Sumqayıt”da qolları ilə diqqət mərkəzinə düşən mərkəz hücumçusu oldunuz. Bu barədə nə deyə bilərsiniz?

- Futbola Tovuzda başlamışasam da, 15 yaşımda "Qəbələ”yə gəldim. Burada aşağı yaş qruplarında, əvəzedici və əsas heyətdə oynadım. Lakin ardıcıl zədələrdən sonra əməliyyat olundum. Bundan sonra məni başqa kluba icarəyə verməyi məqsədəuyğun saydılar. Hətta həmin dönəmdə "Sumqayıt”a baxışa gəldim, lakin bura keçidim alınmadı. "Neftçala”ya icarəyə getsəm də, yenidən zədələndim. Daha sonra bir mövsüm "Rəvan”ın formasını geyindim. Ondan sonra heç bir klub götürmürdü, 3-4 ay ortalıqda qalmışdım. Bu məqamdan "Sumqayıt”ın sabiq baş məşqçisi Aqil Məmmədov məni komandaya çağırdı. Elə alındı ki, gəlişimdən sonra baş məşqçi dəyişkikliyi baş verdi, heyət Samir Abasova tapşırıldı. Məni "Sumqayıt”a cinah yarımmüdafiəçisi kimi gəlmişdim. Lakin Samir müəllim məni məşqlərdə və "Bakı” ilə yoxlama oyununda mərkəz hücumçusu kimi sınama başladı. Həmin görüşdə iki qol vurdum. Ardınca "Kəpəz”lə görüşdə 15 dəqiqə şans verdi, yenə fərqləndim. Pərdis Fərcad Azad zədələnəndən sonra baş məşqçimiz məni oynatmağa başladı.

- Bir futbolçu kimi açılışmağınızda "Sumqayıt”ın oyun tərzinin də rolu olub?

- Əlbəttə. Samir müəllimin istəyi sürətli və tez hücumdur. Bu xoşagələn, mənim də istədiyim bir futboldur. Oyuun tərzim də bu cürdür. Meydanda hər zaman ancaq fürsət yaxalayıb, irəliyi getmək barədə düşünürəm.

- "Sumqayıt”ın heyətində vurduğun qollardan hansı sənin üçün xüsusidir?

- Əsas mənim qol vurmağım yox, komandamın nəticə qazanmağıdır. Nəticə əldə etməkdə pay sahibi olmaq hər bir futbolçunu qürurlandırır. Bir qol seçəsi olsam, Azərbaycan Kubokunun yarımfinalında "Qarabağ”a vurduğum qolu deyərdim. Həm yaxşı qol vurdum, həm də yarımfinala yüksəldik.

- Şəxsi hədəfin nədir?

- Üzərimdə daima çalışıram. Hədəfim Avropada oynamaqdır. Futbolda iz qoymaq xoş olar. Karyeramı başa vurandan sonra geriyə baxanda böyük klublarda, millidə çıxış etdiyimi görmək istəyirəm.

- "Sumqayıt”ın sizin üçün ikinci nəfəs olduğunu söyləmək olar?

- Bura gələndə bilirdim ki, nə vaxtsa oynamaq şansım olacaq. Çünki "Sumqayıt” elə bir klubdur ki, burada gənclərə şans verilir, özlərini göstərmələrinə şərait yaradılır. Futbolçu da məqamını gözləməli və ona verilən şansdan istifadə etməyə çalışmalıdır. Bu gün futbol oynaya bildiyim üçün şükür edirəm. Bundan sonra da etimadı doğrultmaq üçün maskimum güclə çalışacağam. Qabağa baxmaq lazımdır.

- Formasını geyiməyi arzuladığınız klub var?

- Bəli, bu, "Beşiktaş”dır.

- Bu gün sosial şəbəkələrdə və idman mediasında müsakirə olunan əsas məsələ sizin Azərbaycan milli komandasının Antalya toplanışına dəvət almamağınızdır. Özünüz də buna görə çox məyus olmusunuz?

- Xeyr, heç bir məyusluq yoxdur. Bunu normal qarşılayıram. Yığmada nə zaman mənə ehiyac duyulsa, canla-başla oynamağa hazıram. Baş məşqçinin qərarına hörmətlə yanaşıram. Burada önəmli olan millinin uğurlu nəticələr əldə etməyidir. Dəvət almaq üçün üzərimdə daha çox çalışmalıyam. Azarkeşlərə və media nümayəndələrinə məni yığmaya layiq gördükləri üçün təşəkkür edirəm. Bu, məni daha da yaxşı oynamaq üçün motivasiya edir.

- Azərbaycan millisinin hazırkı perspektivini, Millətlər Liqasındakı püşkünü necə qiymətləndirirsiniz?

- Millinin Millətlər Kubokunda müsbət nəticələr qazanacağına inanıram. Yaxşı qrupa düşmüşük. Komandamıza uğurlar arzulayıram.

Report