"Zirə"dən bəzi futbolçuların milliyə dəvət alacaqlarına inanıram"


İdman 28 Yan 2018 10:30:00 304 0

"Zirə"dən bəzi futbolçuların milliyə dəvət alacaqlarına inanıram"

“Antalyaya gələndən bəri fiziki yükləmələrə fikir verirdik. Ona görə də uşaqlarda yorğunluq vardı. Futbolçulara ayrı-ayrılıqda iki 45 dəqiqənin oynanılmasına dair tapşırıq vermişdik”. Goal.az xəbər verir ki, bunu “Zirə” komandasının baş məşqçisi Ayxan Abbasov Rumıniya təmsilçisi “Volnutari”ni 2:0 hesabı ilə məğlub etdikləri yoxlama matçından sonra deyib.

37 yaşlı mütəxəssis Türkiyə toplanışı çərçivəsində baş tutan ilk yoxlama görüşündə yuxarı tempdə çıxış etməyi qarşılarına məqsəd qoyduqlarını söyləyib. Onun fikrincə, futbolçular tapşırığın öhdəsindən gəliblər:

“İstəkli oynadılar. Hiss olunur ki, əvvəlki yoxlama matçlarında buraxdığımız səhvləri tədricən azaltmışıq. Amma yenə də çatışmazlıqlarımız var. Qarşıdakı iki oyunda bu səhvlər üzərində işləməyə çalışacağıq. Məqsədimiz çempionata hazır olmaqdır”.

“Zədəlilərimiz sağalıb. Orxan Əliyev bu gün 45 dəqiqə oynaya bildi. Qapıçımız Anar Nəzirov komanda ilə məşqlərə başlayıb. Bu, bizi sevindirir. Yeni transferlərimiz Elşən Abdullayev, Mirsahib Abbasov və Tellur Mütəllimov öz klublarında az oynamışdılar. Onlar da bizim kollektivə uyğunlaşırlar. Ümumən götürsək, durumumuz normaldır. Bilirik ki, Premyer Liqanın qalan iki dövrəsi gərgin keçəcək. Digər klubların da gücləndiyini görürük”.

A.Abbasov “Zirə”nin heç bir futbolçusunun Azərbaycan millisinin Antalya toplanışı üçün açıqlanan heyətində yer almamasına da münasibət bildirib:

“Bu, ilk təlim-məşq toplanışıdır. Futbolçularımıza da söylədim, özlərindən çoş şey asılıdır. Bu o demək deyil, il boyu indi dəvət alan futbolçular oynayacaqlar. Kim hazır olsa, dəvət alacaq. İnanıram ki, baş məşqçi Qurban Qurbanov və köməkçiləri nəzarət edəcəklər. “Zirə”dən heç kimin çağırılmaması futbolçularımıza nəzər yetirmədikləri demək deyil. Bilirəm ki, bəzi futbolçular diqqətdə saxlayırlar. Gələcək toplanışlarda dəvət alacaqlarına inanıram”.