"Həmişə başqalaşmağı sevirəm" Xalq artisti


Kriminal 28 Yan 2018 08:16:00 245 0

"Həmişə başqalaşmağı sevirəm"  Xalq artisti

Xalq artisti Rafiq Əzimov: "80 illik həyatımda boş vaxtımın olması yadıma gəlmir" 

Sənət yolu onu azman sənətkarlarla rast salıb. Bilmədiklərini onlardan öyrənib, bildiklərini teatra yeni gələnlərə aşılayıb. Ömrünün sıralanan onillikləri teatrdan, kinodan bircə gün də kənar keçməyib. Bu gün şükranlığının səbəbi də budur. Son.az bildirir ki, 80 yaşını qeyd edən Xalq artisti Rafiq Əzimov "Kaspi"yə müsahibəsində hələ səhnə ilə bağlı arzularının olduğunu dedi.   - 80 yaş sizin üçün nədir, xatirələrin ağır yükü, hələ yaşanacaq illər üçün işlər, yoxsa həyata keçməyən hansısa arzular?

- 80 illik ömrümdə çox maraqlı hadisələrlə qarşılaşmışam. Uşaqlıq illərim müharibə dövrünə düşdüyündən çox ağır keçib. Əzab-əziyyətlə böyümüşəm. 3 yaşım olanda atam əsgərliyə getdi. Anam - çarşablı qadın bizi böyütmək üçün işləməyə məcbur oldu. Demək olar ki, həyatımın gənclik illərindən başlayaraq sənət aləminə məndə böyük maraq vardı. Həmçinin tar çalmağı xoşlayırdım. Xalq teatrında oynadığım rollar məni aktyor olmağa həvəsləndirirdi. Ancaq əksər ailələrdə olduğu kimi, bizim evimizdə də aktyorluq istəyimə qarşı çıxırdılar. "Biz axund nəsliyik, aktyorluq bizə yaraşmaz" deyirdilər. Ancaq mən fikrimdən dönmədim, hətta, xalq teatrında oynadığım "Qatır Məmməd" tamaşasına evimizdəkiləri də dəvət etdim. Artıq atam hərbi xidmətdən qayıtmışdı.  Tamaşanın ikinci hissəsində səhnəyə çıxdığım üçün ata-anamın yanında oturub reaksiyalarına diqqət edirdim. Tamaşanın birinci hissəsi bitəndən sonra su içmək bəhanəsi ilə çıxıb səhnə paltarımı geyindim, saqqalımı, bığımı taxdım. Sonra səhnəyə çıxıb Hacı bəy rolunu oynadım. Oyunum bitəndən sonra yenidən valideynlərimin yanına qayıtdım. "Tamaşa xoşunuza gəlirmi? Hacı bəy rolunu bəyəndinizmi?" - deyə suallar verdim. Ata-anam tamaşadan razı qaldıqlarını söylədilər. . Ümumiyyətlə, atamın muğamata, tara böyük həvəsi vardı. O, məni tarzən görmək istəyirdi. Doğulduğum və yaşadığım Vidadi küçəsində görkəmli tarzən Qurban Pirimov yaşayırdı. Onun əlində tar Filarmoniyaya getməsini həmişə iftixarla izləyirdim. Ancaq mən tarzən olmadım, sənədlərimi Teatr İnstitutuna verdim. O vaxt institutda cəmi 33 tələbə oxuyurdu. Biz 22 nəfər də daxil olandan sonra institutun 55 tələbəsi oldu. O vaxt aktyor seçimini Ədil İsgəndərov, Tofiq Kazımov, Mehdi Məmmədov, Rza Təhmasib kimi azman sənətkarlar həyata keçirirdi. Bizi isə Rus Dram Teatrının baş rejissoru olan Məhərrəm Haşımov qəbul etdi. Çox çətin proses idi. Qəbula yazılanlar da çox idi. Mən adımı 22 nəfərin içərisində görəndə sevincimdən uçmağa qanadım çatmırdı. Çünki o vaxt bizimlə Xalq Teatrında iştirak edən çoxlu istedadlı uşaqlar dil qüsurları olduğundan, instituta daxil ola bilmirdilər.

Həsən Məmmədov, Hacımurad Yegizarov, Elmira Şabanova və gələcəyin tanınmış aktyorları olacaq bir çoxları mənimlə eyni qrupda oxuyurdular. Səhnə danışığı müəllimimiz Əli Zeynalov idi. "Biz burda aktyor yetişdirmirik, istiqamətini göstəririk. Hansı yolla getməyin lazım olduğunu öyrədirik" deyirdi  müəllimimiz. Həmin müddətdə 5 tamaşa hazırladıq. Mədəniyyət Nazirliyinin təlimatı ilə Milli Dram Teatrına təyinat alan üç məzundan biri mən oldum. 1962-ci ildən bu teatra vəsiqə aldım. O vaxtdan bu günə qədər - 56 ildir ki, fasiləsiz olaraq bu teatrda çalışıram. 80 il də beləcə gəlib-getdi - sanki illər bir göz qırpımında keçdi.   - Siz bu illər ərzində teatrın səhnəsində böyük sənətkarlarla tərəf-müqabil olubsunuz. İndi o pleyada da yoxdur...

- Şükür edirəm ki, çox görkəmli sənətkarlarla birlikdə işləmişəm. O vaxt onların hərəsi bir məktəb idi. Oturduğum bu yerdə Xalq artisti İsmayıl Osmanlı əyləşirdi. Mən onun zərgər işinə həmişə maraqla yanaşırdım. Mənə ilk dəfə Mehdi Məmmədovun hazırladığı "Şadlıq sorağında" tamaşasında Leonid Pavloviç rolunu tapşırdılar. Fatma Qədri, Ağasadıq Gəraybəyli, Həsənağa Turabov ilə tərəf-müqabil oldum. Teatrdakı fəaliyyətimdə bir-birindən fərqli rollar həvalə olunub mənə. İstər faciə, istər dramatik, istərsə də komediya janrında müxtəlif xarakterik rollarda çıxış edirdim. Bu tamaşalardakı iştirakım get-gedə kollektiv içərisində nüfuzumu artırdı, mətbuatda haqqımda yazılar dərc olundu. 80 illik həyatımda boş vaxtımın olması yadıma gəlmir. Repertuarda həmişə irili-xırdalı rollarla üzdə olmuşam. Rolun böyük və kiçikliyinin, xarakterlərin də mənim üçün heç vaxt fərqi olmayıb. Mən həmişə başqalaşmağı sevirəm.    - Yəqin ki, haqsızlıqlarla da üzləşibsiniz. Axı teatr aləmi də daxili qalmaqallardan kənarda olmayıb.

- Haqsızlıqlar da çox gördüm. Bir dəfə Həsən Əblucun mənə təqdim etdiyi Ənvər Məmmədxanlının "Adsız ulduz" əsərini oxudum və bu tamaşada müəllim rolunu bəyəndim. Həsən Əbluc "Mən də elə bu rolu sənin üçün nəzərdə tutmuşam" dedi. Bu, Həsən Əblucun diplom tamaşası idi. Mənimlə bərabər tamaşada Hamlet Qurbanov, Amaliya Pənahova, Hamlet Xanızadə, Eldəniz Zeynalov, Sofya Bəsirzadə tərəf-müqabil idi. Tamaşa çox maraqla qarşılandı. Bəxtiyar Vahabzadə ilə Nurəddin Rzayev də bu tamaşaya vurulmuşdular, hər dəfə repertuarda olanda baxmağa gəlirdilər. Moskvadan, Teatr Xadimləri İttifaqından Tamara Makarova, rumınşünas Azareva gələrək tamaşaya baxıb çox bəyəndilər və "festivala bu tamaşadan bir səhnə dəvət edərik"  dedilər. Ancaq elə oldu ki, 1972-ci ildə festivala təkcə məni dəvət etdilər. Moskvada kitablarda haqlarında oxuduğum Mixail Çaryov,Yefremov, Tabakov, Tavstonoqov kimi sənətkarları gördüm, onlarla bir yerdə festivalda iştirak etdim. Təqdimat keçirildi və mən "Ən yaxşı kino ifaçısı" diplomuna layiq görüldüm. Otelə gələndən sonra Rumıniya səfirinin mənə göndərdiyi dəvətnaməni də gördüm. Bu tədbirdə sanki "Hərb və Sülh" filminə düşmüşdüm. Bütün tanıdığım aktyorlar frakda idilər.


Xəbərə aid fotolar