Peşə xəstəliklərindən necə qorunaq?


Digərləri 28 Yan 2018 07:48:00 344 0

Peşə xəstəliklərindən necə qorunaq?

Orqanizmin möhkəmləndirilməsi, fiziki aktivliyin artırılması, hər növ stressin azaldılması... 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Bir çoxlarımız günün böyük hissəsini işdə keçiririk. Bəzən hətta elə olur ki, işlərin çoxluğundan yemək yeməyi belə unuduruq. Ayaqüstü yeyilən qidalar, normadan az yuxu, bütün günü ofisdə kompüter başında hərəkətsiz formada saatlarla iş... Ola bilər ki, işin forması peşələrə görə fərqli olsun, amma çoxları işləyərkən sağlamlığını o qədər də diqqətə almır. Bütün bunlar isə sağlamlığımıza mənfi təsirini göstərir, bəzən peşə xəstəliklərinin yaranmasına gətirib çıxara bilir. Hər peşə isə öz xüsusiyyətlərindən dolayı sağlamlığımızda bir xəstəlik yarada bilir. Bəs hansı peşə sahibləri hansı peşə xəstəlikləri ilə üzləşirlər? Bu cür xəstəliklərdən necə qoruna bilərik?   Bu suallarımıza Peşə Xəstəlikləri Klinikasının baş həkimi Sevda Xəlilova cavab verdi. O, ilk olaraq iş prosesi zamanı yarana biləcək peşə xəstəliklərindən söz açdı: "Əmək prosesində peşə zərərlərinin orqanizmə təsiri nəticəsində yaranan xəstəliklərə peşə xəstəlikləri deyilir. Bu xəstəliklər şərti olaraq 5 qrupa bölünür: kimyəvi, fiziki, bioloji amillərin, tozun və gərginliyin təsirindən yaranan xəstəliklər. Bundan başqa, etioloji qruplar da mövcuddur ki, bunlara peşə təbiətli allergik xəstəliklər aiddir".   Mütəxəssis bildirdi ki, adətən peşə xəstəlikləri kəskin və xroniki olur: "Xroniki peşə xəstəlikləri əlverişsiz istehsal amillərinin uzunmüddətli təsiri nəticəsində yaranır. Kəskin peşə xəstəlikləri yüksək konsentrasiyalı zəhərli maddələrin qəfildən birdəfəlik təsiri nəticəsində yaranır. Yəni, kəskin zəhərlənmələr və allergik xəstəliklər əmək fəaliyyətinin müddətindən asılı deyil. Xroniki peşə xəstəlikləri isə 10-15 il müddətində tədricən inkişaf edir".   Həmsöhbətim peşə xəstəlikləri ilə bağlı bəzi maraqlı məqamları da vurğuladı: "Bütün bu qeyd etdiklərimlə  yanaşı, bəzi peşə xəstəlikləri var ki, onlar hətta əmək fəaliyyətini dayandırdıqdan sonra da inkişaf edə bilir. Bunlara misal olaraq pnevmokoniozlar, peşə təbiətindən asılı olan onkoloji xəstəliklər aiddir".